Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 12:41:00
Azərbaycanlı alimlərin kitabı Rusiyada mükafata layiq görülüb  

Rusiyanın paytaxtı Moskvada 31-ci beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

Sərgidə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, müəssisənin hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduqları “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı nümayiş etdirilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, sərgidə bölmə əməkdaşlarının kitabı elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görülüb. Həmin nəşr Təbiətşünaslıq Akademiyasının ekspozisiyasında sərginin annotasiya olunan kataloquna salınıb.

Mükafat oktyabrın 9-dan 13-dək Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsində keçiriləcək Rusiya Təbiət Elmləri Akademiyasının payız sessiyasında veriləcək. Sessiyada, həmçinin 38-ci beynəlxalq təhsil və elmi-metodik nəşrlərin sərgisi olacaq.

Qeyd edək ki, kitabın ilk fəsli təbiət və cəmiyyət münasibətləri, ekoloji şüurun inkişafı, biosfera ilə noosferanın qarşılıqlı təsirinə əsaslanır. İkinci, üçüncü və dördüncü fəsillərdə Naxçıvan Muxtar Respublikasında atmosfer, litosfer və hidrosferin ekoloji xüsusiyyətləri, Naxçıvanda iqtisadiyyat və turizmin inkişafı kimi məsələlər əks olunub. Nəşrdə, həmçinin son zamanlar ətraf mühitin ciddi dəyişikliklərə uğramasının bəzi səbəbləri haqqında faktlar göstərilir. Bundan başqa, atmosferə tullanılan zəhərli qazların təmizlənməsi, müxtəlif mənşəli tullantıların təbii proseslərə təsiri, tullantı sularının müxtəlif üsullarla təmizlənməsi, təbii ehtiyatlardan istifadənin aktual problemləri, onların tükənmə dinamikası və digər məsələlər yer alıb.

Kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Əli Nuriyev, elmi redaktoru biologiya elmləri doktoru Varis Quliyev, rəyçiləri isə kimya elmləri doktoru Bayram Rzayev və professor Əliyar İbrahimovdur.