Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 12:21:00
Beynəlxalq internet şəbəkəsi 30 yaşa çatdı...

1993-cü ilin aprelində World Wide Web şəbəkəsində (WWW) cəmi 623 sayt var idi və onlara giriş çox məhdud idi. Bu gün saytların sayı 1,1 milyarddan çoxdur və istifadəçilərin sayı artıq 5 milyardı ötüb. Əlbəttə ki, 30 il ərzində internetdə dəyişən təkcə saytların sayı deyildi.

Hər şey necə başladı?

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, 1980-ci illərin sonlarında Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) yüzlərlə ölkədən minlərlə elm adamının məlumat mübadiləsini sürətləndirməyə imkan verən texnologiyaya ehtiyacı var idi.

Proqramçı Tim Berners-Li o zaman CERN üçün daxili şəbəkə qurmaq üzərində işləyirdi. 1989-cu ildə o, istənilən yerdən əldə edilə bilən qlobal hipermətn sistemi üçün layihə təklif etdi. Məhz bu layihə bugünkü internetin əsasını təşkil etdi və onun yaradıcıları Berners-Li ilə həmkarı Robert Cayo oldular.

Artıq 1991-ci ilin yanvarında yuxarıda adları çəkilən mütəxəssislər tərəfindən hazırlanmış texnologiya CERN-dən kənara çıxdı və digər tədqiqat institutlarının istifadəsinə verildi. Nəhayət 23 avqust 1991-ci ildə geniş ictimaiyyət bu texnologiyaya giriş əldə etdi.

Sonrakı 2 il ərzində internetdə cəmi 50 vebsayt peyda oldu.

Brauzerlər və internetin yayılması

1993-cü ildə CERN WWW protokolunu və kodunu istifadəçilər üçün pulsuz etdi, bu da onun daha geniş tətbiqinə şərait yaratdı.

Elə həmin il NCSA quraşdırılmış şəkilləri göstərə və HTTPd serveri tərəfindən işlənmiş formaları təqdim edə bilən qrafik brauzer olan Mosaic Web Browser-i buraxdı. Bu brauzerin yaranması ümumdünya internet şəbəkəsinin şöhrətini daha da artırdı və bir ildən az müddətdə artıq minlərlə sayt istifadəyə verildi.

Növbəti il Marc Andreessen və Cim Klark Netscape-ni təsis etdi və Navigator brauzerini buraxdılar. Ardınca Java və JavaScript gəldi. Netscape qısa bir zamanda dominant brauzer oldu. 1995-ci ildə Netscape ictimaiyyətə açıldı, internet səs-küyünə səbəb oldu və dot-com qabarcığını işə saldı.

Tezliklə Microsoft öz internet brauzerini yaratdı. Explorer sözdə brauzer müharibəsinin başlanmasına səbəb oldu. Növbəti 14 ildə Windows ilə birləşdiyi üçün İnternet Explorer dominant brauzer oldu.

1,1 milyard sayt

Hazırda şəbəkədə 1,1 milyarddan çox sayt var, lakin onların cəmi 200 milyonu aktivdir.

90-cı illərdə internetin sürəti yavaş olduğu üçün əksər saytlar mətnlərdən və statik şəkillərdən ibarət idi. Hələ 1993-cü ildə istifadəçilər Kardiff Universitetinin Kompüter Elmləri Departamentinin təşkil etdiyi fan saytında filmlər və aktyorlar haqqında məlumat axtara bilirdilər. Bu sayt sonradan IMDb kimi tanındı və bu gün də belədir.

1998-ci ildə Google axtarış sistemi də ortaya çıxdı. İlin sonuna qədər onun indeksində artıq 60 milyon səhifə var idi. İki tələbə Sergey Brin və Larri Peyc tərəfindən tədqiqat layihəsi kimi yaradılan sayt bu günə qədər dünyanın ən populyar axtarış sistemi olaraq qalır.

Veb saytların istifadəsi artdıqca e-poçtun əhatə dairəsi də genişləndi.

2000-ci ilin əvvəllərində ilk sosial şəbəkələr meydana çıxdı və istifadəçilər tədricən məzmun istehlakçılarından məzmun yaradıcılarına çevrilməyə başladılar.

Hazırda dünya sakinlərinin 64%-nin internetə çıxışı var

2000-ci illərin əvvəllərində Şimali amerikalıların təxminən 44%-i internetdən istifadə edirdi. Yalnız son iki onillikdə şəbəkə həqiqətən dünya miqyasını əhatə etdi və bütün regionlarda istifadəçilərin faizi xeyli artdı. Bu gün dünya əhalisinin 64%-i və ya təxminən 5,16 milyard insan internetdən istifadə edir.