Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-23 16:21:00
Folklorşünas alimin 10 cilddən ibarət əsərlərinin birinci cildi çapdan çıxdı

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin birinci cildi işıq üzü görüb.

AzEdu.az xəbər verir ki, "Romantizmin nəzəriyyəsi" adlı birinci cildin elmi redaktoru və "Ön söz"ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi isə fil.ü.f.d., dos. Fidan Qasımovadır. 

Birinci cilddə XX əsr Azərbaycan romantikləri Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas Səhhətin, Abdulla Şaiqin ədəbi-nəzəri görüşlərinin təhlilinə həsr edilmiş tədqiqatlar yer alıb. Bundan başqa, Azərbaycan romantiklərinin dünyagörüşünün formalaşması, romantik ədəbiyyat və sənətkar problemi, romantiklərin yaradıcılığının folklorla əlaqələri geniş araşdırılıb.

Romantiklərin bədii yaradıcılıqları ilə ədəbi-nəzəri görüşləri arasındakı vəhdətin aşkara çıxarılması tədqiqatın əsas elmi nəticəsi kimi dəyərləndirilib.

Müəllifin romantizmin nəzəriyyəsinə dair araşdırmaları birinci cildə həm Azərbaycan, həm də rus dillərində daxil edilib.