Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 15:22:00
Olimpiada qalibi Respublika fənn müsabiqəsinə gedəcək şagirdlərlə görüşdü  

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “İstedadlı şagirdlərin fizikadan Respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsinin icrası davam etdirilir.

AzEdu.az xəbər verir ki, Kəlbəcər rayonu 56 saylı tam orta məktəbin fizika müəllimi Gülsarə Həsənova tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil olunan Respublika fənn müsabiqəsinə hazırlıq üçün məşğələlər davam etdirilir.


Şagirdlərin imtahan öncəsi hazırlığının təşkili üçün Respublika fənn müsabiqəsi, Respublika fənn olimpiadaları və beynəlxalq olimpiadalarda iştirak edən Sadiq Sadıxzadənin şagirdlərlə görüşü təşkil edilib.


Tədbirdə çıxış edən layihə rəhbəri Gülsarə Həsənova bildirib ki, layihənin məqsədi aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin fizikadan fənn müsabiqəsinə hazırlığını təşkil etməkdir: “Layihə çərçivəsində keçiriləcək Fizikadan Respublika fənn müsabiqəsinə hazırlıq məşğələsinə qoşulmaq üçün 36 şagird müraciət etmişdi. Onlardan 28 nəfəri test imtahanı mərhəsindən 40 faizdən artıq nəticə göstərdilər. Həmin 28 şagird müsahibə mərhələsinə buraxıldı. Layihə təklifində 10 nəfər şagird üçün Respublika fənn müsabiqəsinə hazırlıq məşğələsinin keçirilməsi nəzərdə tutulsa da, test imtahanı və müsahibəndə daha yüksək nəticə göstərən  20 şagird seçildi. İşçi heyət şagirdlərin maraqlarını nəzərə alıb hər qrupda 10 nəfər olmaqla 2 qrupda məşğələ təşkil etməyi qərara aldı. Məşğələyə qatılan şagirdlər fənn müsabiqəsinə hazırlaşmaq üçün əlavə dərs vəsaiti, testlərlə təmin ediliblər. Şagirdlərə 6 ay ərzində fizikadan nəzəri biliklər verilib, test tapşırıqları və məsələlər üzərində işlənilib”.


Onlayn görüş zamanı daha sonra çıxış edən Sadiq Sadıxzadə bildirib ki, riyaziyyat və fizikaya uşaq yaşlarından maraq göstərib: “Orta təhsilimə Bakı şəhəri 318 nömrəli tam  orta məktəbdə başlamışam. VI sinifdə mərkəzləşdirilmiş imtahanda yüksək nəticə göstərərək  Fizika, riyaziyyat və informatika təmayüllü liseyə qəbul olunmuşam. Elm və Təhsil Nazirliyinin tabeliyində olan bu liseyə qəbul olunduğum vaxtdan Sadiq fizika olimpiadasına hazırlığa başlamışam. Fizikadan Respublika fənn olimpiadaları qatılaraq 2 il ard-arda qızıl medal qazanmışam. Beynəlxalq Jautikov olimpiadasında, Avropa Fizika olimpiadası və  Beynəlxalq Fizika olimpiadasından bürünc medal qazanmışam. Bu il isə  dünyanın ən reytinqli ali təhsil müəssisələrindən birinə - Böyük Britaniyanın İmperial College Londona qəbul almışam. Bu uğurumda olimpiadalarda iştirakın böyük rolu olduğunu düşünürəm”.


S.Sadıxzadə daha sonra fizikadan qatıldığı Respublika fənn müsabiqəsi, Respublika fənn olimpiadasındakı təcrübəsindən danışıb. Olimpiadalarda uğur qazanmaq üçün şagidlərdən tələb olunan bacarıqlara toxunan Sadiq Sadıxzadə imtahana hazırlıqla bağlı şagirdlərin suallarına cavab verib.