Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 13:49:24
Bakıda ümumşəhər iməciliyi keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq martın 4-də xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində, “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməcliyi keçirilib. Şəhər icra hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib.

AzEdu.az xəbər verir ki, iməclik zamanı şəhərin kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına yeni gül dibçəkləri qoyulub. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası vasitəsilə əsas küçə və prospektlər yuyucu maddələrlə yuyulub, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında həyata keçirilib.

Qeyd edək ki, bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, sakinlərin Novruz bayramını xoş əhval-ruhiyyə ilə qarşılamasına böyük töhfə verəcək.