Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 16:16:00
Duyğular üzərindən reytinq qazanmağı dayandırın - ZƏRƏRÇƏKƏNDƏN ÇAĞIRIŞ

Cəmiyyətdə baş vermiş bədbəxt hadisələr ən çox azyaşlılara təsir göstərir. Hazırda bütün dünyada gündəmdə olan mövzu Türkiyədə baş verən dəhşətli zəlzələdir. Bu dəhşətli hadisənin zərərçəkənlərinin böyük bir qismi azyaşlılardır. Hər gün dağıntılar altından xilas olmuş körpələrin xəbərini alırıq. Müxbirlər, xilasedicilər tərəfindən onların fotoları və videoları yayımlanır.

 

Bəs azyaşlıların belə dəhşətli situasiyada fotolarının yayılması onların psixologiyasına və gələcək həyatına necə təsir göstərir?

 

AzEdu.az zəlzələdən zərərçəkmiş azyaşlıların görüntülərinin yayılması və bunun onların psixologiyasına təsiri ilə bağlı psixoloqların fikirlərini öyrənib. Vəziyyətin vacibliyini daha aydın nəzərə çatdırmaq üçün zəlzələdə zərərçəkənlərdən biri olan Türkiyə vətəndaşı İrəm Aydəmirin də sözügedən mövzu ilə bağlı fikirləri və şikayətləri dinlənilib.  

 

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov AzEdu.az-a açıqlamasında bu görüntülərin paylaşılması istər hadisəni izləyən insanlara, istər xilasedicilərə, istərsə də zəlzələdən zərər çəkmiş digər şəxslərə ümid, motivasiya, stimul olduğunu qeyd edib:

 

“Əslində, hazırki vəziyyətdə gələcək yox, bu an üçün  insanların həyatda qalmaq uğrunda apardığı mücadilədən danışılır və dağıntılar altından çıxarılan azyaşlıların oradan sağ çıxması insanlara ümid olsun deyə onların görüntüləri paylaşılır. Onların sevinci digər insanlarla paylaşılır. Bir psixoloq kimi, bunda bir yanlışlıq görmürəm. Bu görüntülərin paylaşılması istər hadisəni izləyən insanlara, istər xilasedicilərə. istərsə də zəlzələdən zərər çəkmiş digər şəxslərə ümid, motivasiya, stimul olur”.

 

Psixoloq Ülviyə Mürsəliyeva bu kimi hallarda azyaşlıların görüntülərinin yayılmasını düzgün hesab etmədiyini bildirdi:

 

“Fikrimcə, bu məsələyə xüsusi olaraq həssas yanaşılmalıdır. Söhbət azyaşlı uşaqlardan, yeniyetmələrdən gedir. Dağıntılardan xilas olduqdan sonra, bəlkə də uzun bir həyat onları gözləyir. Çox təssüf edərək bildirirəm ki, olduqca çətin bir dönəmdən keçəcəklər. Bu yolda onların güclü psixoloji dəstəyə ehtiyacı olacaq. Uzun müddət tələb edə bilər, ancaq psixoloji dəstəkdən sonra aldıqları travmalar bir qədər yüngülləşəcək. Gəlin fikirləşək. Yavaş-yavaş olanları unutmağa çalışırsınız, dəstək alırsınız. Bir zaman həmin dönəmdə çəkilmiş bir foto və ya videonuz qarşınıza çıxır. O anları yenidən yaşamış kimi olacaqsınız. Travmalarınız yenidən aktiv olacaq. Bu olduqca dəhşətli bir situasiya və yolverilməzdir. Mən bu kimi hallarda azyaşlıların görüntülərinin yayılmasını düzgün hesab etmirəm”.

 

Bu vəziyyətdə uşaqların və digər insanların görüntülərinin paylaşılması insanlarda bir az da olsa sevinc, ümid hissi doğura bilər. Ancaq bu həmin insanlarda uzunmüddətli travmaya, kədərə səbəb ola bilər”.  

 

 

Gəlin, daha aydın təsəvvür yaratmaq üçün hadisənin birbaşa şahidi və zərərçəkəni olmuş Türkiyə vətəndaşı İrəm Aydəmirin də fikirlərini dinləyək.

 

Nəzərinizə çatdıraq ki, İrəm Aydəmir 1999-cu il 17 avqust tarixində meydana gəlmiş zəlzələnin zərəçəkənlərindən biridir. Zaman fərqli olsa da hiss və düşüncələr eynidir.

 

“O çadırlarda yardım alarkən fotolarımız çəkilib paylaşılsaydı, bu məndə daimi travma olaraq qalardı”

 

 

“1999-cu il zəlzələsindən qurtulmuş o zamankı uşaq, indiki gənc biri olaraq yazıram. Hər hadisədə olduğu kimi indi də yol verdiyimiz yanlışları görəndə  bir zərərçəkən olaraq nəfəs almaqda çətinlik çəkirəm. 24 ildir ki, öhdəsindən gələ bilmədiyimiz travmaları bu dəfə daha insani şəkildə aradan qaldırmaq üçün bir neçə vacib şey demək istəyirəm. Xahiş edirəm hər kəs qulaq assın".

 

“O çadırlarda yardım alarkən fotolarımız çəkilib paylaşılsaydı, bu yaşımda öhdəsindən gələ bilməzdim və bu məndə daimi travma olaraq qalardı”

 

"Bunu yazmağımın səbəbi dağıntılardan çıxarılan insanların sözünü kəsən, gözlərinin içinə fotoaparatın flaşını tutan, ağızlarına mikrofon dayayıb onlara kontent mənbəyi  kimi yanaşan müxbirlər, videolarını fonda dramatik musiqi ilə paylaşanlardır.  

 

İcazə verin, öz təcrübəmi qısaca təsvir edim. Bu təcrübələri yazmaq mənim üçün çətindir, amma bu bizim reallığımızdır. Paylaşıram ki, yazıqlıq, mərhəmət hissi ilə yox, şüurlu davranaq. Bunlar təkcə şəxsi təcrübələr deyil, siyasi və sosial təcrübələrdir. 3 ay çadırda yaşadım, çadırdan çıxıb məktəbə getdim. Unicef'dən yardım aldım. Ağlımdan silə bilmədiyim anlıq görüntüləır var. Böyüklər bizi bundan nə qədər qorumağa çalışsalar da, beynimizdə çəkdiyimiz bəzi fotolar ömürlük bizimlə qalacaq.

 

İndi mənim 30 yaşım var. O çadırlarda yardım alarkən fotolarımız çəkilib paylaşılsaydı, bu yaşımda öhdəsindən gələ bilməzdim və bu məndə daimi travma olaraq qalardı. Baxın, mən daimi travma vəziyyətindən danışıram.

 

Dağıntılar altından çıxarılanların düz üzünə kamera yapışdırmaq, hamının ekran qarşısında olduğu üçün vacib və ya normal görünür, amma belə deyil".

 

“Zəlzələdən sağ çıxanların həm indi, həm də gələcək həyatında qorumalı olduğu ləyaqəti, şərəfi var”

 

Xahiş edirəm, bir şeyi unutmayın ki, zəlzələdən sağ çıxanların həm indi, həm də gələcək həyatında qorumalı olduğu ləyaqəti, şərəfi var. “Alt paltarında yatma, duş qəbul edərkən paltarını dəsmalın yanında as” ifadəsi ilə böyümüşük. Bizim üçün həyatımız qədər utandırılmamaq, acınmamaq da çox vacibdir.

 

Dağıntılar altından çıxarılmış insanların, xüsusən azyaşlıların görüntülərini çəkib paylaşmağa, yaymağa son verin.

 

Yazılı məzmun və video eyni dərəcədə xəbər dəyəri daşıyır, video paylaşdığınız zaman daha inandırıcı olmursunuz. Xahiş edirəm. duyğular üzərindən reytinq qazanmağı dayandırın. Paylaşım vacibdirsə, insanların üzlərinə bulanıqlıq effekti verin. Dağıntılar altından çıxan və valideynlərini tapa bilməyən uşaqların fotolarını təhlükəsiz şəbəkələrdə yayımlayın. Dağıntılardan xilas olduqdan sonra çəkilən görüntümün hazırda qarşıma çıxmasını təsəvvür belə edə bilmirəm. İndi təəssüf ki, yüzlərlə insan bunu yaşayacaq, amma hələ də gec deyil.

 

Həmişə edəcəyiniz hər hansı bir şeydən əvvəl "bu hərəkət zəlzələdən zərər çəkənlərə kömək edəcəkmi? Bu hərəkət hər hansı bir şəkildə kiməsə zərər verməyəcək ki?" deyə düşünün”.