Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 12:28:00
"Qanuna dəyişiklik bütün təhsil müəssisələrində tətbiq olunacaq" - AÇIQLAMA

“Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək. Dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq. Qanunun nəyə xidmət edəcəyi, əsas məqsəd və vəzifələrinin nə olacağı maraq doğurur. Dəyişikliklər həm təhsilin cəmiyyətdəki nüfuzundan, həm də təhsil sahibkarlığından təsirsiz ötüşməyəcək. Məsələ ilə bağlı əsas məqamlar nələrdir, bu siyahıda hansı avadanlıqların olması gözlənilir?

 

Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, dəyişiklikdə əsas hədəf və məqsəd vəsaitə qənaət edilməsidir:

 

“Yeni qəbul edilmiş dəyişikliklərdə bir sıra mühüm məqamlar müşahidə edirik. Bir müddət əvvəl ən müasir avadanlıqlarla təchiz olunmuş DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı oldu. Bu gün Azərbaycanda yeni məktəblər inşa olunur, STEAM mərkəzləri yaradılır. Həmin mərkəzlərə də yeni avadanlıqlar və texnikaların alınması nəzərdə tutulur. Bu isə kifayət qədər vəsait tələb edir. Bu da öz növbəsində qanunda öz əksini tapdı ki, təhsil və tədris məqsədilə gətirilən müəyyən avadanlıqların gömrük rüsumundan azad olunması məsələsi gündəmdə olsun. Qanun yeni yaradılan müəssisələrin maliyyələşdirilməsinə yönələn vəsaitə qənaət məqsədilə qəbul olunub. Burada söhbət universitetlərdə, məktəblərdə, təhsil müəssisələrimizdə, həm də müəyyən laboratoriyalar, istehsal müəssisələrində istifadə olunan texnika və avadanlıqlardan gedir”.

 

C.Məmmədov onu da qeyd edib ki, Azərbaycandakı orta və ali məktəblər arasında həm dövlət, həm də özəl müəssisələrin hər birində ümumi qaydanın tətbiq olunması nəzərdə tutulur.