Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 12:00:00
Səhhətimdə heç bir irəliləyiş yoxdur” - Əjdər Ağayev səhhətindən danışdı

“Səhhətimdə heç bir irəliləyiş yoxdur”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  təhsil eksperti, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. Qocaman təhsil eksperti bir müddətdir müalicə aldığını bildirib:

“Pis deyiləm. Müalicəm hələ uzun müddət də davam edəcək. Səhhətimdə heç bir irəliləyiş yoxdur. Azərbaycanda müalicə olunuram. Xəstəliyimlə bağlı xarici ölkəyə müraciət etməmişəm”

Xatırladaq ki, tanınmış təhsil eskpertinin səhhətinin pisləşməsinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb. 

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub.  Burada kənd  yeddiilik, Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Burada Əhməd Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək,  elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb.

 “Azərbaycan ictimai  fikrində şəxsiyyətin formalaşması”  adlı doktorluq  işi müdafiə edib. “Azərbaycan məktəbi” jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub.

Hazırda Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.  Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert  komissiyası sədrinin müavinidir.

Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi “İlk və son mahnı” 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində, “Bir də çal o mahnını” adlı ilk şeri isə 1957-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub.  200-dək şeirə mahnı bəstələyib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Akademik Mehdi Mehdizadə adına mükafatın və  “Araz”  ali ədəbi mükafatın laureatıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları