Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-25 14:04:00
İsa Həbibbəylinin təhsil dosyesi – Kənd məktəbi və universitetdə müəllim

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti məlum olub. Akademik İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.

 

Modern.az bildirir ki, İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Şərur rayonunun Danzik kəndində anadan olub.

 

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. Bundan sonra 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.

 

İsa Həbibbəylinin AMEA ilə yollarının kəsişməsi 2013-cü ilə təsadüf edib. O, həmin ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilib və bu günədək həmin vəzifədə qalıb.

 

İsa Həbibbəyli, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

 

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib. Hazırda VI çağırış parlamentin deputat mandatına sahibdir.

 

AMEA-nın yeni prezidenti 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 29 elmlər namizədi və 4 elmlər doktorunun elmi rəhbəri olub.

 

İsa Həbibbəyli filologiya elmləri doktoru və professordur. O, 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

İndiyədək bir çox mükafatlara layiq görülüb. Ölkə başçısı tərəfindən "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.