Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-15 11:48:00
Elm və Təhsil Nazirliyi 7 saylı “ASAN xidmət” mərkəzinə mediatur təşkil edib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 saylı “ASAN xidmət” mərkəzinə mediatur keçirilib.

AzEdu.az xəbər verir ki, mediatur iştirakçıları mərkəzdə vətəndaşlara göstərilən elm və təhsil xidmətləri barədə ətraflı məlumatlandırılıblar.
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev bildirib ki, elm və təhsil sahəsində vətəndaş müraciətləri üzrə cari təhsil alanlar üçün elektron arayışlar, şagirdlərin elektron yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat kimi 10 xidmət vətəndaşlara “ASAN xidmət” mərkəzlərində təqdim olunur. Onun sözlərinə görə, növbəti həftədən etibarən təhsilverənlərin sertifikasiyası prosesindən uğurla keçən namizədlər öz sertifikatlarını “ASAN xidmət” mərkəzlərində təhsil bölmələrinə yaxınlaşaraq şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək əldə edə bilərlər. O qeyd edib ki, növbəti həftədən etibarən Masallı, İmişli, Ağcabədi, Tovuz “ASAN xidmət” mərkəzlərində də vətəndaşlara təhsil xidmətləri təqdim olunacaq. S.Rzayev əlavə edib ki, gələcəkdə səyyar “ASAN xidmət”lərdə də təhsil xidmətləri təqdim oluna bilər.

Mediatur çərçivəsində elm və təhsil nazirinin müavini Muxtar Məmmədov "ASAN xidmət" mərkəzində sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənləri təbrik edib, onlara sertifikatlarını təqdim edib. Nazir müavini bildirib ki, hazırda Bakı şəhərində 7 saylı, Sumqayıt şəhərində 2 saylı və Gəncə şəhərində 1 saylı “ASAN xidmət” mərkəzində sertifikatlaşdırmadan keçən təhsilverənlərə sertifikatların verilməsi xidməti göstərilir. O qeyd edib ki, ilkin mərhələdə sentyabrın 12-də müsahibə mərhələsindən keçmiş təhsilverənlər bu xidmətdən yararlana bilərlər. Digər tarixlərdə təşkil olunmuş müsahibələrdə uğur qazanan təhsilverənlər də növbəli şəkildə sertifikatlarını əldə edəcəklər.

Qeyd edək ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri, 2 saylı Sumqayıt və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində vətəndaşlara elm və təhsil xidmətləri təqdim edilir.

Xidmətlər haqqında daha ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.