Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 16:50:00
“Bu məsələ ilə bağlı nazirliyə müraciət edən müəllimi heç kollektiv də müdafiə etmir” – Gənc müəllimdən açıq irad

 “Müəllim nazirliyə müraciət edirsə, onu yeri gələndə, heç kollektiv də müdafiə etmir”.

“Müəllimlər haqlarını tələb etməkdən çəkinirlər. Düşünürlər ki, bunu etsək, davamlı problemlər yaşayacayıq. O, “uzaqgörənlik” edib düşünür ki, elə burada direktor və təhsil şöbəsi ilə “yola gedim”, problemim olmasın. Amma idarəçilik yüzdəyüz nazirliyə bağlansa, bu tip problemlər bitəcək”.

Bu sözləri AzEdu.az-a açıqlamasında gənc müəllim Həbib Əlizadə deyib. O işə yeni qəbul olunan müəllimlərin bəzən, lazımi dərs saatları ilə təmin edilməməsi haqda danışarkən, əksər kolleqaların direktorla görüş zamanı  üzləşdikləri məqamları izah edib:

“Müəllimlərin haqlarını tələb edə bilməmələrinin xeyli səbəbləri var. Əvvəla, ortada qəribə vəziyyət var. Tutaq ki, hansısa məktəbdə 18  vakant dərs saatı ayrılıb. Müəllim bunu görüb, qeyd edib və elə ora da qəbul olunub. O, həmin 18 saat dərs yükünü almaq üçün gedib direktorla görüşür, məktəblə tanış olur. Direktor isə deyir ki, “əslində, 18 saat vakant dərs vermişdim. Amma bizdə siniflər ixtisar olunub və sənə18 saat dərs yükü verə bilmərik. Amma 14-16 saat dərs ayıra bilərik”. Müəllimi bu şəkildə aldadırlar. Əgər müəllim ilk dəfə işə başlayır və təcrübəli deyilsə, direktorun sözünə inanır. Bəzi direktorlar bunu çox “səmimi” şəkildə deyir, guya müəllimə mövcud vəziyyəti izah edirlər. Gənc kadr da işə başlamamış aldanır.

Bəzən isə direktor qəti deyir ki, “biz sənə 18 saat dərs versək belə, 18 saatın pulunu verə bilməyəcəyik. Çünki bizim də burada öz xərclərimiz var, özümüzə saat götürməliyik və s. Vəziyyət belədir. İstəyirsən işlə, istəmirsən işləmə”. Beləcə müəllimə az saat verir”.

O, bu halla üzləşən bəzi müəllimlərin Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib:

“Bu halda müəllim yerli təhsil idarəsinə şikayət etsə, yəqin ki, onlar müəllimin tərəfində olmayacaqlar. Bilsələr ki, həmin müəllim nazirliyə gedəcək bəkə də nəsə etməyə çalışarlar. Amma hamı əsasən direktoru müdafiə edəcək.     Heç yerli təhsil idarəsi də müəllimin tərəfində olmayacaq. Nazirlik işçiləri tez-tez deyirlər ki, bizə müraciət edin, probleminizi həll edəcəyik. Müəllim nazirliyə şikayət edir və onun haqqı bərpa olunur”.

“Bəs bundan sonra müəllim hansı çətinliklərlə üzləşə bilər?”

“Müəllimin bütün sənədləri qaydasında olsa və o, sonunadək mübarizə aparsa, hansısa ciddi problemi olmayacaq. Amma əlavə stres, problemlərin olacağı mütləqdir. Əgər müəllim işə yeni qəbul olunub, təcrübəli deyil və sənədləşmə ilə bağlı problemləri varsa, mütləq problem yaşayacaq. Məsələn, sənədləşmə işlərində problemi olan müəllimə töhmət verə, onu incidə bilərlər”.

O qeyd edib ki, bu tip problemlər əsasən rayon məktəblərində baş verir:

“Əslində, yerli təhsil şöbəsi, yerli nəzarətedici orqan, direktor bu problemi həll etməkdə maraqlı olmalıdır ki, məsələ gedib nazirliyə çıxmasın, yerindəcə həll olunsun. “Elədirsə, niyə dərs saatını müəllimin əlindən alıb özləri və ya tanışları üçün götürürlər? Onun pulu niyə mənimsənilir. Onlar niyə nazirliyin onlara edəcəyi müdaxilədən bəzən ümumiyyətlə, çəkinmirlər?” kimi suallar yarana bilər.  Bu sualların bir əsas cavabı var:

Bu problemlər əsasən rayonlarda olur. Çünki rayonlarda təhsil şöbələrinin idarəçiliyi ikilidir. Yəni, idarəçilik həm nazirlik, həm də Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. İkili idarəçilik olduğu üçün keyfiyyətli idarəetmə təşkil olunmur. Müxtəlif adlarla işlər görülür, leqal olmayan yığımlar edilir. Təhsil Nazirliyinin bunlardan xəbəri olmur”.

Onun fikrincə, problemlərin kökündə ikili idarəçilik və keyfiyyətsiz liderlik dayanır. Buna görə müəllimlər haqlarını tələb etməkdən çəkinirlər:

“Düşünürlər ki, haqqımızı tələb etsək, davamlı problemlər yaşayacayıq. Çünki icra hakimiyyəti, təhsil şöbəsi müəllimə problem yaradırsa, nazirlik həmişə ona kömək etməyə bilər. Müəllim də “uzaqgörənlik” edib düşünür ki, elə burada direktor və təhsil şöbəsi ilə “yola gedim”, problemim olmasın. Amma idarəçilik yüzdəyüz nazirliyə bağlansa və leqal olmayan yığımlar yığışdırılsa, bu tip problemlər ya azalacaq, ya da bitəcək”.

Müəllim bildirib ki, nazirliyə müraciət edən kadrı heç kollektiv də müdafiə etmir:

“Əksər ucqar kəndlərdə direktorun iki məqsədi var. Birincisi jurnalları yoxlamaqdır. Məqsəd odur ki, yoxlama gələndə problem olmasın. Yəni,məsələ yüksək keyfiyyətli təhsil deyil, əsas odur ki, jurnal yazılsın. İkinci məqsəd isə illeqal yığımlardır. Onların fəaliyyəti bundan ibarətdir.

Təbii ki, belə bir vəziyyətdə müəllimlərin keyfiyyəti, yeni dərs metodları, qeyri-formal tədrisin təşkili, yaradıcı və nəticəyönümlü yanaşmalar oqədər də önəm kəsb etmir. Buna görə də müəllimin haqqı rahat şəkildə kəsilir. Müəllim nazirliyə müraciət edirsə, onu yeri gələndə heç kollektiv də müdafiə etmir. Bu, təəssüfedici məqamdır.  Amma müəllim sənədlərini yerbəyer edib, mübarizə aparıb, düzgün işləsə, ona ciddi problem olmaz və uğur qazanar. Ammaiş yerində ciddi stres yaşayacağı qətidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları