Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 11:00:00
“İşə yeni başlayacaq müəllimlər məktəbdəki dedi-qodudan uzaq olsunlar, əks halda...” – Təlimçidən həmkarlarına iradlar

“İşə yeni qəbul olunanlar bütün bildiklərini şagirdlərə ötürməyə çalışmamalıdırlar. Belə olduqda,  robot tipli insanlar yetişər. Bizə isə analiz edən, düşünəbilən gələcək lazımdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi müəllim Bəhmən Məmmədov deyib. O, işə yeni qəbul olunan müəllimlərə məsləhət verərkən qeyd edib ki, onlar üçün kolleqaları ilə münasibət əsasdır:

“Eyni məktəbdə çalışan müəllimlərin bir-birini görmələri, söhbət etmələri, qarşılıqlı əlaqə yaratmaları təbii ehtiyacdır.  Bizdə yalnız müəllimlər otağında bir araya gəlməklə özlərini eyni məktəbə aid hiss edirlər. Özünü eyni məkana aid hiss etmək isə hər kəsin təbii ehtiyaclarıdır. Bəzi müəllimlər isə müəllimlər otağına heç də tez-tez baş çəkmirlər. Niyə belə etdiklərini bilmirəm. Bəlkə də düşünürlər ki, bu davranışları ilə kiməsə möhtac olmadıqlarını nümayiş etdirirlər. Amma heç bir müəllimin peşə fəaliyyəti kolleqaları ilə münasibəti normal olmadan təsirli, keyfiyyətli və məsuldar ola bilməz.

Yeni işə başlayacaq müəllimlər ilk gündən etibarən dedi-qodudan uzaq durmalıdırlar. Bu, ictimai zəhərdir. Onun olduğu yerdə sevgi, hörmət olmaz, güvən yaranmaz. Bunu edən müəllimlərin ağlında sual yaranır: “Mən burada olmasam, mənim də arxamca danışacaq, bəzi davranışlarıma güləcəklər. İndi mənim üzümə gülən kolleqalarım əslində qətiyyən güvəniləcək insanlar deyillər”. Dedi-qodunun olduğu yerdə səmimiyyətdə ola bilməz.  Belə müəssisə sağlam inkişaf etməz. Xüsusilə də söhbət bir təhsil müəssisəsindən gedirsə...”

Bəhmən müəllim yeni kolleqalarına sinfi təqib etməyi məsləhət görüb:

“İşə yeni qəbul olunan müəllimlərə məsləhət görürəm ki, məktəbin nizam-intizam qaydaları ilə ilk gündən tanış olsunlar. Şagirdlər yeni olduqlarına görə müəllimlərlə yaxşı davranmaya bilərlər. Yeni müəllimlər öz təcrübəsini pulsuz satan digər kadrlardan təcrübə almağa çalışsınlar. Məktəb ayrıca dövlətdir. Sinfin isə özünəməxsus psixologiyası, siyasəti var. Sinif xüsusi mədəniyyət məskənidir.

Müəllim sinfi gözəl təqib etməlidir. Kim kiminlə oturub, niyə məhz onunla birgə əyləşib kimi xırdalıqlara diqqət etməli, aradakı görünməyən əlaqəni bilməlidir.

Müəllimlər həm də bir filosof olmalı, fəlsəfi kitablar oxumalıdırlar. Onlar bilməlidirlər ki, müəllimin həqiqi müəllimi onun şagirdləridir.  Durmadan özlərini inkişaf etdirmələri mütləqdir. Öz ixtisaslarına uyğun jurnallara abunə olmalı, yenilikləri təqib etməlidirlər. Ayda bir dəfə mütləq ixtisaslara uyğun əlavə kitablar oxumalıdırlar”.

O, dürüst müəllimin həm də şagird üçün etibarlı dost olduğunu vurğulayıb:

 “Müəllim sevgi insanı olmalıdır. Onun şagirdlərə verəcəyi bilikdən çox dəyərləri önəmlidir. O, səbrli, təvazökar, fədakar, dürüst və güvənilən olmalıdır. Onlar həm də səmimi, fərasətli, ədalətli və anlayışlı olmalı, şagirdlərin fikrinə hörmət etməlidirlər. İxtisasını sevməyən müəllim sevgisini şagirdə ötürə bilməz.

Müəllim öz qüsurlarını görmədən şagirddə nöqsan axtarsa, ən böyük yanlışı etmiş olar. O, hər şagirdi olduğu kimi qəbul etməli, cəmiyyətin qəbul etmədiyi davranışlardan uzaq durmalıdır. Xüsusilə də dil, din, irq, vətən, bayraq, tarix kimi ortaq dəyərlərə hörmətlə yanaşmaq lazımdır. Geyim, görünüş olaraq şagirdin müəllimi model, nümunə olaraq gördüyünü də unutmayın”.

“Şiddətli münaqişə, nəticəsiz mübahisələrə girmək bu peşə sahiblərinin etibarını aşağı sala bilər”.

“Müəllim yeni metod və texnikaları daim öyrənməlidir. Onun dünyagörüşü digər peşələrlə müqayisədə ən üstün səviyyədə olmalıdır. Şiddətli münaqişə, nəticəsiz mübahisələrə girmək bu peşə sahiblərinin etibarını aşağı sala bilər. Müəllim daim tənqidə hazır olmalı, məktəbdəki yaşlı müəllimlərə hörmət etməlidir. Söz və davranışları bir-birinə uzlaşdırmaq lazımdır.

Bizdə adətən müəllimlər şagirdi qiymətlə qorxudur. Bu, düzgün deyil. Mükafat və cəzanı ədalətli şəkildə tətbiq etmək lazımdır. Fiziki cəza yolverilməzdir. Şagirdin davranışı əvəzinə şəxsiyyətini tənqid etmək olmaz. Müəllim şagirddən mükəmməl olmasını tələb edirsə, yanılır. Çünki hər şeydən öncə o özü də mükəmməl deyil. Məktəblinin həmişə ümid, motivasiyay ehtiyacı var.

Müəllim işə başlayırsa, mənfi vərdiş və adətlərdən uzaq durmalıdır”.

O, MİQ imtahanında uğur qazanan kolleqalarına kurikulumla bağlı da məsləhətlər verib:

“İşə yeni qəbul olunanlar bütün bildiklərini şagirdlərə ötürməyə çalışmamalıdırlar. Belə olduqda robottipli insan yetişir. Bizə analiz edən, düşünə bilən gələcək lazımdır. Təhsildəki kurikulum adlı yeni sistem də elə buna görə yaradılıb. Onun əsas məğzi budur ki, yeni bilikləri şagird özü kəşf etsin və bunun həzzini yaşasın. Ancaq bu halda öyrənmədən söhbət gedə bilər. Əks halda, əzbərçi insanlar hazırlayarıq. Bu zaman isə yaradıcılıq və kreativlikdən uzaq nəsillər yetişər”.

“Şagirdlərinizi çox sevin, beyinə gedən yol ürəkdən keçir”

“Yeni kolleqalara demək istəyirəm ki, nitqinizi inkişaf etdirin. Şagirdlərin yaş xüsusiyyətlərini yaxşı bilin. Onlar hər yaş dövründə fərqli olurlar. Şagirdlərinizlə dost olun, dərslərə mükəmməl hazırlaşmadan  sinfə girməyin. Şagirdlərinizi çox sevin, beyinə gedən yol ürəkdən keçir. Unutmayın ki, siz Azərbaycan yetişdirirsiz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları