Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 15:38:56
İbtidai sinif müəllimləri sertifikasiya imtahanının məzmunu barədə məlumatlandırılıb  

Gəncədə 10 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, görüş sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirmək məqsədi daşıyıb.

 

Tədbirdə Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva tərəfindən imtahanın ixtisas üzrə məzmunu, institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova tərəfindən isə pedaqogika və metodika üzrə məzmunu şərh edilib. Müəllimlər bu cür görüşlərin onlar üçün faydalı olduğunu qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.

Müzakirə və sual-cavab formatında keçirilən görüşdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, həmin qurumun Metodik dəstək və peşəkar inkişaf mərkəzinın direktoru Nəzakət Mehdiyeva, İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak ediblər.

Qeyd edək ki, görüş 2 sessiyada və hər birində 200 nəfərə yaxın müəllim olmaqla keçirilib. Belə görüşlərin mütəmadi olaraq sertifikasiya imtahanı keçiriləcək digər regionlarda da təşkili nəzərdə tutulur.