Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 14:00:00
Bu il STEAM layihəsinə qoşulan şagirdlərin sayı açıqlanıb  

Bu il STEAM layihəsinə qoşulan şagirdlərin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, report-un Qarabağ bürosunun məlumatına görə, Mingəçevir şəhər 9 nömrəli tam orta məktəbdə STEAM mərkəzinin açılışında iştirak edən təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu il 90 mindən artıq şagird STEAM sistemində tədrisə cəlb olunub.

Nazir qeyd edib ki, təhsildə bu tip layihələrin ümumi nəticələrindən danışmaq hələ çox tezdir: “Çünki bu cür layihələrin əsas nəticələri uzun müddətdən sonra üzə çıxır. İlkin nəticələrə gəlincə, istər TEKNOFEST festivalında, istərsə də STEAM FEST-də şagirdlərimiz kifayət qədər maraqlı layihələr təqdim etdi. Hətta qaliblər belə həmin şagirdlər arasından seçildi. Əgər fikir vermisinizsə, TEKNOFEST festivalında 7-8-ci sinif şagirdlərinin sayı üstünlük təşkil edirdi”.

E.Əmrullayev Mingəçevirdə STEAM layihəsinə qoşulan şagirdlərinin biliyini yüksək qiymətləndirib: “Mingəçevirdə yeni STEAM mərkəzindəki şagirdlərlə ünsiyyətimizdə onlarda böyük maraq və motivasiyanın şahidi olduq. Əsasən də mühəndislik, proqramlaşdırma, İT sahəsinə olan meyllərin artmasını görürük. Bu, təbii ki, prosesin başlanğıcıdır. Artıq 90 mindən artıq şagird məhz STEAM dərslərinə cəlb edilib. Bu da olduqca sevindirici göstəricidir”.

Növbəti təhsil ilinin yeniliklərinə toxunan təhsil naziri bildirib ki, əsas hədəf məktəblərin İT avadanlıqlarının sayının artırılması, xüsusilə də məktəblərdə internetin keyfiyyətinin yaxşılaşdırılmasıdır: "Ali və peşə təhsili sahələrində də bir çox yeniliklər olacaq. İnandığım odur ki, bu barədə avqust ayının sonlarında planlı və müvafiq qaydada ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, STEAM layihəsinin əhatə olunduğu ümumtəhsil məktəblərində tədris prosesi “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (təhsil dronları)”, “Sahibkarlıq” modulları istiqamətində hazırlanmış kurikuluma uyğun aparılır.