Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-18 15:46:00
Sertifikasiya müəllimlərə yeni imkanlar yaradacaq-Qorxulu heç nə yoxdur

 

“Bakıda çalışan müəllimlərin qavradığı bilikləri rayonlardakı  təhsil işçiləri əldə edə bilmirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında professor Fərrux Rüstəmov deyib.

 

İyun ayından etibarən dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.

 

Proses nə dərəcədə əhəmiyyətli, yoxsa, formal xarakter daşıyacaq? 

 

Fərrux Rüstəmov əvvəlki dövlərdə də bu kimi qiymətləndirmə metodlarının tətbiq edildiyini deyib: 

 

“Son illər təhsil sahəsində bir çox  islahatlar həyata keçirilib. Bunlara   məzmunun yenilənməsi, texnologiyanın müasirləşməsi,  müəllimlərin kadr hazırlığının təkmilləşdirilməsi, məktəbin infrastrukturunun inkişafı, təhsil müəssisələrinin kompüterlərlə təhciz edilməsi daxildir.

 

SSRİ zamanında dövlət tərəfindən ayrılan vəsait hesabına müəllimlər 5 ildən bir məcburi şəkildə  sertifikasiyadan keçirilirdi. Həmçinin, digər  pedaqoji işçilər də bu prosesdən kənarda qalmırdı. Məqsəd 5 il müddətində  təhsilin məzmun və  idarəetməsində  olan yenilikləri ictimaiyyətə çatdırmaq idi".

 

Fərrux Rüstəmov sertifikasiyanın niyə vacib olmasına aydınlıq gətirib:

 

“Hazırda ucqar rayonlarda yaşayan müəllimlər  üçün yeniliklərin bir çoxu  əlçatan deyil. Çünki 4-5 ildən bir dərsliklər dəyişir, yeni mövzular əlavə edilir. Müəllimlərin daima öz üzərində işləməsi  üçün   mütəmadi olaraq  bu və ya digər şəkildə yoxlanılmaların tətbiqi vacibdir. Təhsil işçilərinin diaqnostik qiymətləndirilməsi keçirilən zaman müəyyən narazılıqlar baş vermişdi. Sonra bunların hamısı aradan qaldırıldı və müəllimlər etiraf etdi ki, biz xeyli nüanslar öyrənə bildik.

 

Sertifikasiyanın keçirilməsində  məqsəd  ümumtəhsil müəssisələrində  pedaqoji və idarəetmə fəaliyyəti ilə  məşğul olan  təhsilverənlərin peşəkarlıq səviyyələrinin, yararlığının yoxlanılması, onların peşə inkişafına nail olunması, ehtiyaclarının ödənilməsidir. Bu vasitə ilə biz müəllimlərin vəzifəyə yararlı olub-olmamasını öyrənmək imkanı əldə edəcəyik.  Bakıda çalışan müəllimlərin qavradığı bilikləri rayonlardakı  təhsil işçiləri bilmir. Çünki onlar üçün şərait əlçatan deyil, internet yoxdur, informasiya mənbələri azdır, qəzet və jurnallar bu ərazilərə çatdırılmır.

 

Sertifikasiya Azərbaycan müəllimlərinin özündə yeni güc-qüvvə tapıb yeniliklər etməsinə şərait yaradacaqdır.

 

Müəllimlər 5 ildən bir baş verən yeniliklərlə tanış olmalı və sertifikat almalıdır ki, peşələrinə hazır olduqları bilinsin. ABŞ-da pis müəllimin cəzası onun sertifikasiyadan keçməməsidir. Burada elə bir qorxulu şey yoxdur, bu, sadəcə  inkişafa aparan yoldur. Lakin hədəfi düzgün müəyyən etmək və axıra  kimi getmək lazımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları