Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 11:09:58
 “Yaralını çiynimə alıb aparandan az sonra oranı minamyotla vurdular”-Xilaskar müəllim-FOTO

 

 

“Qarabağı düşməndən azad etmək missiyasını öz üzərimizə götürdüyümüz,  onu gələcək nəsillərin öhdəsinə buraxmadığımız üçün xoşbəxt idik”.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri 61 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elnur Xəlilovdur.

 

 

DOSYE:

 

 

Xəlilov Elnur Ələkbər oğlu 1997-ci ildə anadan olub. Orta təhsilini Zaqatala rayon 3 nömrəli tam orta məktəbdə alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildə hərbi xidmətdə olub. 2020-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində 51 bal toplayaraq Bakı şəhər 61 nömrəli tam orta məktəbdə idman müəllimi kimi fəaliyyətə başlayıb.

 

 

Vətən Müharibəsində iştirak edən E. Xəlilov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

 

 

Müəllimliyə hazırlıq və döyüş həyəcanı

 

 

“Tovuz döyüşləri zamanı MİQ-ə hazırlaşırdım. Bir tərəfdən imtahana hazırlaşır, digər tərəfdən də diqqətim cəbhədə yaşanan hadisələrdə idi. İtkilərimizə çox kədərlənmişdim.

 

 

Mən hərbçi ailəsində böyümüşəm. Atam 24 il zabit olub. Hazırda o, ehtiyyatda olan hərbi qulluqçudur. Hərbiyə olan həvəsim, hərbçi formasına olan sevgim kiçik yaşlarımdan başlayıb. Çünki Vətənə olan sevgi ilk olaraq insanın ailəsi tərəfindən bəxş edilir. Mən də gözümü açandan atamı hərbi geyimdə görməklə bərabər, həm də onun Vətənə olan borc, torpaqlarımızın müdafiəsi uğrunda verilən mübarizə, hərbçilərin ayıq-sayıqlığına dair etdiyi söhbətlərini dinləmişəm. Vətənpərvərlik hisslərimin formalaşmasında bu söhbətlərin rolu böyük olub”.  

 

 

İlk dərs yerinə döyüş meydanına yollanan müəllim

 

 

“Hərbi komissarlıqdan zəng gəldi və 2020-ci il sentyabrın 29-da cəbhəyə yollandım. Məktəbə yeni qəbul olduğum və yeni  tədris ili başlandığı  üçün sənədlərimi direktora təqdim edib, ön cəbhəyə yola düşdüm. Hamının bir amalı var idi, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığını yerinə yetirmək”.

 

 

Ağır missiyanın davamçısı

 

“Əsasən, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində döyüşlərdə iştirak edirdim.

 

Kəşfiyyat xidmətini yerinə yetirirdim. O, ən ağır missiyalardan biri idi. İlk olaraq, artilleriya hədəfi məhv edir, sonra isə kəşfiyyat və xüsusi təyinatlı qüvvələr əraziyə daxil olurdu”.

 

 

Azadlıq uğrunda yaralanan əsgər

 

 

“Füzuli uğrunda gedən döyüşlərdə sol ayağımdan yaralandım. Diz bağlarım qırılmış, qəlpə yaraları almışdım”.

 

 

Müharibədə yaşanan qarışıq hisslər

 

 

“Azərbaycan əsgəri hansısa yüksəkliyi ələ keçirəndə sevinc hissimizi sözlə ifadə etmək mümkün deyildi. Çünki bayrağımız həmin yüksəklikdə dalğalanırdı. Üçrəngli bayrağımızın bu torpaqlarda dalğalandığını görmək hədsiz qürurverici idi. Lakin döyüşlərdə şəhid olan, yaralanan döyüş yoldaşlarımız olurdu. Buna şahidlik etmək son dərəcə kədərli idi. Bir sözlə, müharibə meydanında sevinc və kədər bir-birinə qarışmışdı”.

 

 

Əsl dost müharibədə tanınar

 

 

“Yoldaşını yaralı vəziyyətdə döyüş meydanından çıxaran zaman onu sanki ailəsi və yaxınlarına yenidən bəxş etmiş olursan. Bu, çox fəxr ediləsi hissdir. Yaralandığım vaxt döyüş yoldaşlarım mənə çox kömək oldular. Olduğum ərazidə bölüyümüzdən iki yoldaşım-Samir Muradov və Şəhriyar Qasımov şəhid oldu.

 

 

Füzulinin kəndlərində olduğumuz vaxt döyüş tapşırığı verildi. Tapşırığa əsasən getdiyimiz ərazidə xeyli sayda yaralılarımız var idi. Ağır döyüşlər gedirdi, hər kəs ölümün gözünə dik baxır, düşmənin üzərinə yeriyirdi. Həmin döyüşdə yoldaşlarımızdan şəhidlik zirvəsinə ucalanlar, yaralı əsgərlərimiz var idi.

 

 

Döyüş meydanında yaralanan zaman özünə ilkin tibbi yardımı elə  özün göstərməlisən. Sonra isə döyüş yoldaşın sənə köməklik edir. Göstərilən ilkin yardım müdaxiləsindən sonra əsgəri hospitala aparırdılar. Bəzən, döyüş yoldaşları bir-birlərini kilometrlərlə çiyinlərində daşıyır, əlindən gələn bütün köməkliyi göstərir. Yaralandığım vaxt hətta o vəziyyətdə digər yoldaşıma kömək edirdim ki, çox qan itirməsinlər.

 

Mənə Füzuli xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra İsmayıllı tibb mərkəzinə göndərildim.

 

Yaralarım sağaldıqdan sonra yenidən döyüşə yollandım. Bir həftə sonra isə atəşkəs elan edildi.

 

 

Hadrutun aşağı tərəfində kilsə adlanan yer var. Orada yaralılar var idi. Komandir bizə tapşırıq verdi, 10 kəşfiyyatçı ilə əraziyə getdik. 4 yaralını xilas etdik, birinin ayağında qəlpə var idi, onu çiynimə alaraq yuxarı çıxdım. 10 dəqiqə sonra isə həmin ərazi minamiyot vasitəsi ilə vuruldu. Yoldaşlarımızı ölümün pəncəsindən xilas etmişdik, bu, bizim üçün xoşbəxtlik idi”.

 

 

Cəbhəyə yolanan müəllimlər

 

 

“Döyüş bitdikdən sonra ocaq başında yığışaraq xatirələrimizi bölüşürdük. Hamı işindən danışırdı. Mən isə hələ ilk müəllimlik fəaliyyətimə başlamaq qismət olmasa da, bu peşəyə sevgimdən söz açırdım. Çünki sənədlərimi təqdim edib cəbhəyə yollanmışdım. Direktora da demişdim ki, qismətimdə varsa, qayıdacağam və qayıtdım”.

 

 

Ata-baba torpaqlarına dönən soydaşlarımız

 

 

“Müharibədə hamıda məsuliyyət olmalıdı. Bu, mütləq daxildə yaşanmalıdır.

 

 

Hər yüksəkliyi azad edəndən sonra bunu döyüş yoldaşlarımızla qeyd edirdik. Komandirimiz bizə deyirdi ki, buralar sizin öz torpaqlarınız, ata-baba yurdunuzdur. Özümüzü orada yad hiss etmirdik. Hər dəfə irəlilədikcə sevinc duyğuları bizi bürüyürdü”.

 

 

Sevinc hissinin təzahürü

 

 

“10 noyabr atəşkəs razılaşması imzalananda rabitə vasitəsilə məlumat gəldi ki, müharibə yekunlaşdı. Gecə saat 2-3 radələri idi. Əsgərlərin sevinci hədsiz idi. Hər kəs bu sevinci ilk olaraq ailələri ilə bölüşürdü”.

 

 

Valideynlərin çətin anları

 

 

“Müharibədə hamıda telefon olmurdu. Ya bölük yoldaşının, ya da digər hərbi hissənin üzvünün telefonu ilə əlaqə saxlayırdın. Atam bir dəfə səhvən başqa əsgərə zəng edib. Soruşub ki, oğlum necədi? Ona cavab veriblər ki, dünən şəhid olan Xəlilovu deyirsiz? Elə həmin an şəbəkə kəsilib. Valideynlərimin o xəbərdən sonra keçirdiyi hissləri, yaşantılarını təsəvvür etmək o qədər də çətin deyil. İki saat sonra özüm evə zəng edərək salamat olduğumu dedim”.

 

 

Allaha əmanət edilən oğul

 

 

“Döyüşə yollandığım vaxt atam məni qucaqlayaraq dedi ki, səni Allaha əmanət edirəm. Tanrı bütün əsgərlərimizi qorusun. Hər gün imkan daxilində mənimlə əlaqə saxla, dedi. Özü hərbçi olduğu üçün yaxşı bilirdi ki, oranın hər saatı, hər anı təhlükədir.  Telefon imkanı yaranan kimi mesaj belə olsa yazırdım ki, narahat olmasınlar”.

 

 

 

Yarımçıq qalan işlər

 

 

“Yoldaşlarla söhbət edirdik. Hər kəs öz işini yarımçıq qoyub gəlmişdi. Bakıdan müharibəyə yollanan xeyli sayda müəllim var idi və biz ünsiyyət saxlayırdıq. Bölüyümüzdəki bir   tarix müəllimi ilə  müharibədən sonra yarımçıq qoyub gəldiyimiz işləri necə davam etdirəcəyimizdən danışırdıq.Müharibə çoxlarının düşüncələrini, həyata baxışlarını dəyişmişdi. 44 günlük müddət ərzində hamı böyük bir məktəb keçmişdi sanki... Torpaq, yurd sevgisi, Vətənin toxunulmazlığı, bütün bunlar daha böyük məna daşımağa başlamışdı. Hər birimiz xoşbəxt idik. Qarabağı düşməndən azad etmək missiyasını öz üzərimizə götürdüyümüz, onu gələcək nəsillərin öhdəsinə buraxmadığımız üçün xoşbəxt idik”.

 

Diplomatiyanın gətirdiyi sülh

 

“Kəlbəcər, Laçın və Ağdamın bir güllə belə atılmadan, sülh danışıqları yolu ilə alınması olduqca vacib idi. Çünki həmin yerlərin iqlimi və coğrafi mövqeyi baxımından bu, çox müsbət  addım oldu. Bu da cənab Prezidentin uğurlu siyasəti nəticəsində baş verdi”.

 

 

Daşı daş üstə qoymayan vandallar

 

 

“Cəbrayılda insanlarımızın vaxtilə min bir zəhmətlə qurub-yaratdıqları evlərdən əsər belə qalmamışdı. Hər şeyi yerlə-yeksan etmişdilər, daşı daş üstə qoymamışdılar. Sadəcə, bir hərbi hissə var idi. Lakin Füzuli və Hadrutda baxımsız vəziyyətdə olsa da, bəzi evləri görmək mümkün idi”.

 

 

Məktəbə qayıdan əsgər müəllim

 

 

“Tərxis olunub məktəbə qayıdanda pandemiyaya görə dərslər distant formada keçirilirdi. Ona görə də şagirdlərlə yaxın ünsiyyətdə ola bilmirdim. Lakin ənənəvi tədris bərpa edildikdən sonra dərslərimiz demək olar ki, Vətən Müharibəsindəki söhbətlər əsasında qurulurdu. Suallar verirdilər, döyüşlər, düşmənə vurulan zərbə, zəfərimiz haqqında hər şeyi öyrənmək istəyirdilər. Hər dəfə dərsimin 10 dəqiqəsini işğaldan azad olunan torpaqların tarixini soruşaraq başlayıram. Çünki  bu, tarixi qələbədi. Düşünürəm ki, bütün bu söhbətlərin onlarda vətənpərvərlik hisslərinin formalaşmasında öz rolu var”.