Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 12:01:24
Emin Əmrullayev Tbilisinin 120 yaşlı azərbaycandilli məktəbinə baş çəkib  

Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir.

 

O, bu gün Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı azərbaycandilli məktəbi ziyarət edib.

 

Direktor Salman Pirməmmədov bu il 120 yaşını qeyd edən təhsil müəssisəsinin tarixi barədə nazirə məlumat verib. O, hazırda məktəbdə 252 şagirdin təhsil aldığını bildirib.

 

Direktor qeyd edib ki, məktəb Gürcüstanın ən nümunəvi orta təhsil müəssisələrindən biridir, məzunlarının əksəriyyəti ali məktəblərə qəbul olunur, gürcü dilinin tədrisi yüksək səviyyədədir.

 

S.Pirməmmədov qeyd edib ki, təhsil ocağının məzunları arasında akademiklər, həkimlər və professorlar var, hazırda məktəbdə çalışan müəllimlərin 50 %-i də bu məktəbi bitirib. O, özünün də artıq 38 ildir direktoru olduğu məktəbin məzunu olduğunu vurğulayıb.

 

Direktor 2010-cu ildə məktəbin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təmir olunduğunu da diqqətə çatdırıb.

 

E.Əmrullayev Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili ilə birgə siniflərə, kitabxana və idman zalına baş çəkib, müəllim və şagirdlərlə söhbət edib.

 

Daha sonra məktəb rəhbərliyi və müəllim heyəti ilə görüş keçirilib, nazir təhsil ocağının qayğıları ilə maraqlanıb.

 

report