Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 18:08:00
XXI əsr insanı necə olmalıdır?-Bölgə müəllimindən vacib yazı  

 

XXI əsr bacarıqları nə üçün bizə lazımdır?

 

Getdikcə müasirləşən və elektronlaşan dünya ilə ayaqlaşmaq üçün müasir insanın sahib olacağı bir çox bacarıqlar mövcud olmalıdır. Bu bacarıqlar  XXI əsr bacarıqları da adlanır. Bəzən XXI əsr bacarıqları deyəndə çox vaxt İKT savadlılığı, Veb 2.0 alətlərindən istifadə bacarıqları başa düşülür. Əlbəttə bu bacarıqlarsız hər gün yeniləşən dünya ilə ayaqlaşmaq mümkün deyil. Amma XXI əsr bacarıqları deyəndə təkcə bu bacarıqlar başa düşülməməlidir.

 

XXI əsr insanı özündə tədris və innovasiya bacarıqlarını, informasiya ilə işləmək bacarıqlarını, media və texnologiya vərdişlərini, həyat və karyera bacarıqlarını inkişaf etdirsə müasir dünya ilə ayaqlaşmaq onun üçün rahat olar.

 

XXI əsr insanı aşağıda qeyd olunan bacarıqlara yiyələnməlidir:

  • Yaradıcılıq və innovativlik
  • Tənqidi təfəkkür və problem həll etmə bacarığı
  • Kommunikativ və əməkdaşlıq bacarıqları
  • İnformasiya savadlılığı
  • Media savadlılığı
  • İKT savadlılığı
  • Çeviklik və uyğunlaşma bacarığı
  • Təşəbbüs və özünü istiqamətləndirmə
  • İctimai və mədəniyyətlərarası bacarıqlar
  • Məhsuldarlıq və hesabatlılıq
  • Liderlik və məsuliyyətlilik

Yaradıcılıq və innovativlik bacarığına sahib insan fəaliyyətdə orijinallıq və innovativlik qabiliyyəti nümayiş etdirməli, yeni ideyaların işlənib-hazırlanması, tətbiq edilməsi və başqalarına çatdırılmasında fəallıq etməli, yeni və müxtəlif nöqteyi-nəzərlərə açıq və həssas olmalı, innovasiyalar tətbiq olunan sahələrdə sanballı və faydalı töhfələr vermək üçün yaradıcı ideyalar üzərində işləməyi bacarmalıdır.

Tənqidi təfəkkür və problem həll etmə bacarığına yiyələnmiş insanlar düzgün mühakimə yürütmə, mürəkkəb seçim və qərarlar qəbul etmə, sistemlər arasındakı qarşılıqlı əlaqələri başa düşülmə, fərqli nöqteyi-nəzərlərə aydınlıq gətirən və məsələlərin daha yaxşı həllinə aparıb-çıxaran mühüm sualları müəyyən etmə, soruşma, problemləri həll etmək və suallara cavab vermək üçün məlumatların hazırlanması, təhlili və sintezləşdirilməsi kimi bacarıqlara sahib olmalıdırlar.

Kommunikativ və əməkdaşlıq bacarıqları inkişaf etmiş müasir insanda fikir və ideyaların danışıq və yazı yolu ilə aydın və effektiv ifadə edilməsi, müxtəlif qruplarla effektiv iş bacarığının nümayiş etdirilməsi, ümumi məqsədə nail olmaq üçün zəruri kompromislərin əldə edilməsi və bu istiqamətdə çeviklik və istəyin nümayiş etdirilməsi, birgə işə görə məsuliyyət daşımaq, müxtəlif ünsiyyət növlərinin (yazılı, şıfahi və müxtəlif forma və şəraitlərdə multimedia vasitələrinin köməkliyi ilə) yaradılması və onlardan istifadə, effektiv ünsiyyətin rolunun dərk olunması bacarıqları olmalıdır.

İnformasiya savadlılığına yiyələnmiş insanlarda sözügedən problem və ya sualın həlli məqsədilə, informasiyaya səmərəli və effektiv çıxış, onun tənqidi və savadlı qiymətləndirilməsi, informasiyadan düzgün və yaradıcı istifadə edilməsi, informasiyaya çıxış və ondan istifadə ilə bağlı etik/hüquqi məsələlərə dair təməl anlayışların başa düşülməsi kimi bacarıqlar formalaşmalıdır.

Media savadlılığı kimi mühüm bacarığa yiyələnmiş insanlar media xəbərlərinin qurulması prinsipinin hansı məqsədlər və hansı alətlərdən və ənənələrdən istifadə edilməsi anlayışı, onların xüsusiyyətləri, media məlumatlarının insanlar tərəfindən necə fərqli şərh olunması, dəyərlərin və nəzər nöqtələrinin necə daxil və xaric edildiyinin və mətbuatın inanc və davranışlara necə təsir edə biləcəyinin araşdırılması, informasiyaya çıxış və ondan istifadə ilə bağlı etik/hüquqi məsələlərə dair təməl anlayışların başa düşülməsi bacarıqlarına sahib olmalıdır.

İKT savadlılığı (İnformasiya Kommunikasiya və Texnologiyalar sahəsində savadlılıq) olan insanlar bilik iqtisadiyyatında fəaliyyət göstərmək məqsədilə informasiyaya çıxış, ona nəzarət, onun tətbiqi, dəyərləndirilməsi və yeni informasiya yaratmaq üçün rəqəmsal texnologiyanın, kommunikasiya alətlərinin və/yaxud şəbəkələrin müvafiq şəkildə düzgün istifadəsi, ünsiyyət üçün, tədqiqat, təşkil etmə, informasiyaların qiymətləndirməsi aləti kimi, informasiyaya çıxış və ondan istifadə ilə bağlı etik/hüquqi məsələlərə dair ilkin anlayışlara malik olmaq üçün kompyuter texnologiyalarından istifadə bacarıqlarına sahib olmalıdırlar.

Çeviklik və uyğunlaşma bacarığı olan insanlar müxtəlif vəzifə və cavabdehliklərə uyğunlaşma (adaptasiya), qeyri-müəyyənlik və dəyişən prioritetlər şəraitində effektiv çalışma kimi bacarıqlara sahib olmalıdırlar.

Təşəbbüs və özünüistiqamətləndirmə bacarığı olan şəxslər şəxsi təhsilin anlanılması və öyrənmə ehtiyaclarının dərk edilməsi, öz biliklərini və təcrübə qazanma imkanlarını araşdırmaq və genişləndirmək üçün əsas peşəkar bilik və bacarıqlar və/yaxud tədris kursundan kənara çıxılması, bilik səviyyəsinin peşəkar səviyyəyə yüksəldilməsi təşəbbüsü ilə çıxış, tədris tapşırığının müəyyən olunması, əsas tapşırıqların qeyd olunması və onların kənardan nəzarət olmadan icrası, vaxtdan səmərəli istifadə edilməsi və iş yükünün paylanılması bacarığına və ömür boyu oxumaq həvəsinə sahib olmalıdırlar.

İctimai və mədəniyyətlərarası bacarıqları olan şəxslər digərləri ilə müvafiq şəkildə və məhsuldar çalışmaq, ehtiyac olanda qrupların kollektiv dərrakələrindən faydalı istifadə, innovasiya və işin keyfiyyətini artırmaq üçün mədəniyyətlərarası fərqləri əlaqələndirmək və fərqli perspektivlərdən istifadə bacarıqlarına yiyələnməlidirlər.

Məhsuldarlıq və hesabatlılıq kimi bacarıqlara sahib insanlarda işin vaxtı-vaxtında keyfiyyətlə təhvil verilməsi üçün qarşıya yüksək standart və məqsədlərin qoyulması və bunların ödənilməsi, çalışqanlıq və müsbət iş etikası nümayiş etdirilməsi (yəni, dəqiqlik və etibarlılıq) kimi bacarıqlar əksini tapmalıdır.

Liderlik və məsuliyyətlilik kimi mühüm vərdişlərə sahib insanlar digər şəxslərə təsir göstərmək və onları məqsədə doğru yönəltmək üçün insanlararası əlaqələr və problem həll etmə bacarıqlarından istifadə, ümumi məqsədə nail olmaq üçün başqalarının güclü tərəflərindən səmərəli istifadə, dürüstlük və etik davranışın nümayiş etdirilməsi, geniş kütlənin maraqlarını nəzərə almaqla fəaliyyət kimi bacarıqlara sahib olmalıdırlar.

XXI əsr bacarıqları insanda uşaqlıqdan formalaşmalıdır. Uşaqlarda bu bacarıqlar cəmiyyətin, valideyinlərin, müəllimlərin, dostların, bir sözlə ətrafdakı insanların köməyi ilə formalaşır. Əlbəttə ki, burada məktəbin rolu böyükdür. Əgər müasir insan yetişdiririksə, mütləq valideyinlə bərabər müəllim də bu işdə məsuliyyətini hiss etməlidir. Bu səbəbdən müasir müəllim daim öz üzərində işləməli, dərslərini yeni üsullarla qurmalı, əyaniliyə üstünlük verməlidir. Bu bacarıqları şagirdlərə aşılamaq üçün STEAM kimi üsuldan istifadə edə bilər, robot kodlamasını dərslərində tətbiq edə bilər.

Bütün bu deyilənlərdən nəticə olaraq şagirdləri gələcəyə hazır, müasir insan kimi yetişdirmək üçün valideyinlər, əsasən də müəllimlər özləri bilik və bacarıqlara yiyələnmələri, öz üzərlərində davamlı çalışmaları məqsədəuyğun olar.

Müasir müəllim həmişə öyrənməyə meyilli olması, daim yenilənən dünyada informasiya bolluğundan səmərəli istifadə etməsi, beynəlxalq və yerli seminarlarda, təlimlərdə, konfranslarda iştirakı, texnologiyadan istifadəni bacarığı, sosial şəbəkələrin müasir trendləri ilə ayaqlaşması onu müasir müəllim standartlarına cavab verən şəxsə çevirə bilər. Dil biliklərinin olması, məsələn, ən azı ingilis dilini müəyyən səviyyədə bilməsi müəllimin üstünlüyü hesab edilə bilər, çünki müəllim bu yolla xarici mənbələrdən istifadə edə, yenilikləri izləyərək işində tətbiq edə bilər.

İnanırıq ki, belə müəllimlərimiz çoxdur və gələcək əmin əllərdədir.

 

Elçin Abbasov

Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta

məktəbin fizika-riyaziyyat müəllimi