Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 18:00:00
Bu semestrdən ingilisdilli bölməmiz fəaliyyət göstərəcək-İlahiyyat İnstitutunun rektoru

“Bu semestr tələbələrimizdən bir neçəsi xarici ölkə universitetlərində təcrübə keçəcəklər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

 

 

Belə ki, bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 4 il ötür.

 

 

Rektor institutun formalaşmasından söz açıb:

 

 

“Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 4 il ötür. İnstitut Cənab Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tebeliyində yaradılıb.

 

 

Ölkədə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan İnstitutumuz qısa zamanda bir sıra nailiyyətlər də əldə edib”.

 

 

Aqil Şirinov xarici ali məktəblərlə yaradılan əlaqələrdən bəsh edib:

 

 

“Yerli və xarici ölkə universitetləri ilə sıx əlaqələr yaradıb, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayıb. Bu müqavilələr kağız üzərində qalmır, praktiki müstəvidə təzahür edir.

 

 

Qeyd etmək istəyirəm ki, İnstitutda bu semestrdən artıq ingilisdilli bölmə fəaliyyət göstərəcək. Qazaxıstanda fəaliyyət göstərən Nur-Mübarək Universitetinin iki tələbəsi Aİİ-də təhsillərini davam etdirəcəklər. Onların bütün dərsləri ingilis dilində tədris olunacaqdır. Bu, həmçinin İlahiyyat İnstitutunun elmi potensialının göstəricisidir.

 

 

Biz istəyirik ki, alimlərimiz, eyni zamanda, tələbələrimiz digər ölkələrin ali təhsil müəssisələrində ilahiyyat sahəsində təcrübə keçsin, ölkəmizdə mövcud mühiti nəzərə almaqla öz ixtisaslarına uyğun yüksək biliklərə yiyələnsinlər. Bu semestr biz buna da nail olduq. Bu semestr tələbələrimizdən bir neçəsi xarici ölkə universitetlərində təcrübə keçəcəklər. İstəyimiz odur ki, dinşünas və islamşünas kimi hazırladığımız gənclər Azərbaycanımızı sevsinlər, ona layiqincə xidmət göstərsinlər, işlərinin peşəkarı olsunlar, yüksəkixtisaslı kadrlar kimi yetişsinlər və ölkəmizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməsinlər”.

 

 

Rektor instituta göstərilən dövlət qayğısını vurğulayıb:

 

 

“İnstitutumuz yarandığı gündən daim dövlət qayğısı ilə əhatə olunub. Bu qayğı ilk növbədə Cənab Prezidentin mənəvi dəyərlərimizə verdiyi önəmin təzahürüdür. Həmçinin, tabe olduğumuz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyini də həmişə hiss etmişik.

 

 

Ümidvarıq ki, bizə göstərilən bu etimadı doğruldaraq İnstitutumuzu ilahiyyat sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından birinə çevirməyə müvəffəq olacağıq.

 

 

Gənclərimizə dini bilikləri səhih mənbələrə və müasir dünyanın reallıqlarına uyğun şəkildə öyrədə bilən, dərin elmə və yüksək intellektə malik müəllim kollektivimizi və bütün fədakar əməkdaşlarımızı, o cümlədən tələbələrimizi səmimi qəlbdən təbrik edir, işlərinizdə daim müvəffəq olmağı diləyirəm”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları