Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 16:23:00
Kənd müəllimi AzEdu-ya yazdı: “Fizika fənni üçün lazım olan cihazları evdən aparıram”

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Bu dəfəki yazı AzEdu.az –ın “Ucqar kənd müəllimləri” şəbəkəsinin Ağcabədi rayonundan olan üzvü Vüsalə Əliyevaya aiddir.

*Vüsalə Əliyeva 1986-ci il iyulun 22-də Sumqayıt şəhərində dünyaya gəlib. O, 2004-cü ildə Sumqayıtda orta məktəbi bitirərək Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. 2008-ci ildə ali təhsilini başa vuran Vüsalə qrup yoldaşı ilə ailə quraraq 2009-cu ildə təyinatla  Ağcabədi rayonuna köçüblər. 8 il Ağcabdi rayon Mehrablı kənd orta məktəbində müəllim kimi çalışıblar. 2017-ci ildə müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edərək rayon 9 saylı tam orta məktəbə dəyişib. Vüsalə hazırda Ağcabədi rayon 9 nömrəli tam orta məktəbinin fizika müəllimidir.

AzEdu.az yazını təqdim edir:

Salam…

Mən Əliyeva Vüsalə 2009-cu ildən etibarən həyat yoldaşımla birlikdə Ağcabədi rayonuna gələrək fizika müəllimi işləyirəm. Sumqayıt şəhərində böyüyüb təhsil alsam da, kənd həyatı mənə həmişə maraqlı idi. Düşünürdüm ki, oradakı şagirdlərin müəllimə daha çox ehtiyacı var.

Niyyətin hara, mənzilin ora…

…Və düşündüyüm kimi də oldu. Yaxşı deyiblər: niyyətin hara, mənzilin ora. Hər gün kəndə gəldiyimə daha çox sevinirdim. Şagirdlərim yaxınlaşıb deyəndə ki biz də sizin kimi müəllim olacağıq, onda sevicimin həddi hüdudu olmurdu. Kənd həyatının çətinliklərini hamımız eşitsək də, çoxumuz  bunun şahidi olmamışıq. Kirayə evlərdə yaşamaq, palçıqlı yollarda sürüşərək işə getmək, köhnə məktəb binasındakı həşəratlarla mübarizə aparmaq – heç biri işimi davam etdirməyə mane olmurdu. Həyatım boyu görmədiyim odun peçini məktəbdə yandıranda uşaq kimi sevinmişdim. Amma şagirdlərimin həvəslə dərs oxuduqlarını görmək məni daha da qürurlandırırdı. Təsəvvür edin, indi, artıq şagirdlərimin bəziləri müəllim işləyirlər…

Fizika fənni təkcə ampermetr və voltmetr cihazlarından ibarət deyil…

Bu gün mən məktəblərimizdəki çatışmazlıqları önə çıxarmaq istəyirəm. İlk öncə fizika müəllimi olaraq laboratoriyalarımızın olmamasından narahatam. Şagirdlərə dərsi izah edib cihazı göstərə bilməmək, cihazın şəklini kitab və yaxud da telefondan göstərmək məni çox məyus edir. Əgər biz bu gün müasir təlim-tədris metodlarından istifadə edərək dərs keçiriksə, niyə cihazları əyani şəkildə göstərə bilməyək? Axı fizika fənni tək ampermetr və voltmetr cihazlarından ibarət deyil. Özümlə bəzi cihazları aparıb şagirdlərimə nümunə göstərirəm, amma bu, kifayət deyil. Menzurka, tərəzi, saniyəölçən, termometr aparmaq rahatdı, bəs digərləri?! Məsələn elektrometr, dinamometr, elektrofor maşını, linzalar və s…

Bu gün demək olar ki, bir çox şagirdlərimiz  İKT biliklərinə yiyələniblər. Artıq kəndlərə internet çəkilməsi, məktəblərdə informatika müəllimləri çatışmazlığının aradan qaldırılması sevindirici haldır. Mən çox istərdim ki, laboratoriyalarımız da qaydasında olsun. Bizim şükürlər olsun ki, Reyhan Camalova kimi yaradıcı şagirdlərimiz çoxdur. Onlar bizi dünyaya tanıda bilərlər. Yaradıcı, istedadlı fizik yetişdirmək üçün də müasir tələbərə cavab verən laboratoriyalarımız olmalıdır.

İstilik sisteminin olmaması müəllim və şagirdlərin səhhətində ciddi problemlər yaradır…

Digər bir məsələ isə kənd məktəblərində istilik sistemi probleminin olmasıdır. Əksər məktəblər yeni tikilsə də, kəndə qaz çəkilişi olsa da, məktəblər qazlaşdırılmadığı üçün qışda çətinlik çəkirlər. Məktəb istixanaları qazla işləsə, yaxşı olardı. Biz yaxşı bilirik ki, bu, qışda davamiyyət zəifliyi, uşaqların və müəllimlərin səhhətində ciddi problemlərə yol açır. Çox sağ olsun, Təhsil Nazirliyi bu gün kəndlərdə müəllim çatışmazlığını aradan qaldırıb. Zənnimcə, müəllimlərə yetəri qədər diqqət və qayğı göstərilir. Hələ də buralarda qalıb işləməyimiz də elə  bunun bariz nümunəsidir. Hər il kənd məktəblərinə qəbul olunan müəllimlərin sayının artması sevindirici haldır.

İnanıram ki, qeyd etdiyim çatışmazlıqlar tezliklə öz həllini tapacaq...