Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-07 11:40:00
  Təhsil nazirliyi “Muzeylərimizi tanıyaq və tanıtdıraq”  ekskursiya layihəsinə start verib

Noyabrın 6-da Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsinə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edir.

Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, muzeylərin kolleksiya fondu ilə tanış etməkdir. Eyni zamanda, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə məlumatlandırmaqdır.

İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Milli Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli Tarixi-Bədii Qoruğuna, “Suraxanı” tanker-muzeyinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə təşkil olunur.

Layihə çərçivəsində təşkil olunan birgünlük ekskursiyada Abşeron, Cəlilabad, ikigünlük ekskursiyada isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri iştirak edir.

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsinin icrası cari ilin noyabr-dekabr aylarının şənbə-bazar günləri davam etdiriləcək.