Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 10:13:00
“Qəbul qaydalarının tez-tez dəyişdirilməsi ciddi maneə yaradır” -İZAH

 

 

"Təhsilin keyfiyətinə nail olmağın bir şərti də təhsilin bir sistem kimi oturuşmasıdır”

 

AzEdu.az xəbər verir ki, bunu  təhsil eksperti Nadir İsrafilov deyib

 

Xəbər verdiyimiz kimi, "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının II qrupdan III qrupa qaytarılması ilə əlaqədar olaraq III qrupa 2022-ci ildən etibarən coğrafiya seçmə fənni əlavə olunur. Buna uyğun olaraq da III qrupda DT (dil-tarix) və TC (tarix-coğrafiya) altqrupu yaradılıb. TC altqrupunu seçən abituriyentlər "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarına imtahan verəcəklər.

 

Ekspert bildirib ki, qərar və qaydaların tez-tez dəyişdirilməsi təhsilin bir sistem olaraq oturuşmasına ciddi maneə yaradır. Onun sözlərinə görə, bu, geniş ictimaiyyət arasında narahatlığa, haqlı narazılıqlara səbəb olmaqla yanaşı, məzunlarda fiziki və psixoloji gərginlik, stress, cəmiyyət üzvləri arasında isə müəyyən çaşqınlıq yaradır, yerli-yersiz mübahisələrə, əlavə polemikalara, ciddi qarşıdurmalara yol açır:

 

"Təhsilin keyfiyətinə nail olmağın bir şərti də təhsilin bir sistem kimi oturuşmasıdır. 70 il ərzində oturuşmuş sovet təhsil sistemindən imtina edib, Avropa məkanına inteqrasiya olunmağımızdan 30 illik bir müddət keçməsinə baxmayaraq, biz hələ də keçid dövrünü başa vura bilməmişik. Səbəb isə Təhsil Qanunvericiliyimizdə olan boşluqları qərar və qaydaları dəyişməkdə görməyimiz, təhsilimizi eksperiment meydanına çevirməyimizdir.

 

Son on illikdə qəbul olunan qərar və qaydalar hələ bir yana, təkcə Təhsil haqqında Qanunun neçə maddəsinin, neçə bəndində edilən dəyişikliklərin sayına nəzər salsaq, vəziyyətin nədən ibarət olduğunu təsəvvür etmək o qədər də çətin olmaz.

 

Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük".

 

Ekspert ixtisas qruplarında fənn dəyişikliklərinin təhsilin inkişafına hər hansısa bir töhfə verəcəyinə inanmadığını və imtahanların sadələşdirilməli olduğunu bildirib. (Trend.az)