Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 14:19:00
Kənd müəllimi AzEdu-ya yazdı: "Hər gün sinifə daxil olanda ilk dəfə müəllim kimi gəldiyim an yadıma düşür"

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Bu dəfəki yazı AzEdu.az –n “Ucqar kənd müəllimləri” şəbəkəsinin İsmayıllı rayonundan olan üzvü, İsmayıllı rayon İstisu kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi Məcid Musayeva aiddir.

AzEdu.az yazını təqdim edir:

O insanlar həyatda uğur qazanırlar  ki, məqsədlərini öncədən müəyyən etməyi bacarırlar.

Məqsədə çatmağın və uğurlu gələcəyin tək təminatı məktəb, mükəmməl təhsil və müəllimdir. Bu üç məqam insanların  həyatda uğura doğru addımlasında əsas amildir. Əgər bunlardan hər hansısa biri olmasa, mən deyərdim ki, heç bir uğurdan söz gedə bilməz. Ən önəmlisi də məhz müəllimdir. Müəllim  millətin, xalqın, cəmiyyətin görən gözü, döyünən ürəyidir. İnsan  kamala, zəkaya, hətta müdrikliyə də müəllimin böyük zəhməti ilə yetişir. Müəllim Allahın  bəşəriyyətə bəxş etdiyi ən böyük, dəyərli varlıqdır ki, əməyi heç nə ilə ölçüyə gəlməz. Qızıl kimi dəyərli olan əməyindən isə milyonlar bəhrələnir, milyonlar xəyallarını, arzularını həyata keçirirlər. Müəllim bir günəşdir, dünya onunla nura qərq olar. Müəllim həqiqətin özü, gecənin ümidi, açılacaq gündüzüdür.     

Zamanın bəzən acısı da müəllimi şagirdlərinə olan  məhəbbətindən ayıra bilmir…
                                                         
İllərin sınağı, zamanın bəzən acısı da müəllimi şagirdlərinə olan  məhəbbətindən, sevgisindən və onlara bəxş etdiyi bilikdən, tərbiyədən ayıra bilmir. Çünki müəllim heç bir qarşılıq duymadan sevər şagirdlərini və onlara təhsil verər. Ən ülvi, pak həyatdır müəllimin həyatı. Ona bir tək qalan, heç zaman ləkə götürməyən bu böyük adıdır. Bu böyük adın fövqündə yanır neçə çıraq, neçə ocaq. Göylərin ənginliyində sayrışan ulduzdur müəllim. Sönsə biri fəryad qoparar göylər. Naləsindən zülmət doğar.

Müəllim cəmiyyətin həm də mənəvi həkimidir…

O olmasa, mənəvi cəhətdən cəmiyyət xəstə olar. Xəstə cəmiyyət isə mövqesiz yerdə dayanan sadəcə toplumdur. Heç kimə və heç nəyə gərək deyil. Bəzən cəmiyyətdə müəllimlərə qarşı birmənalı olmayan fikirləri eşidəndə içimdən bir fırtına  qopur. O fırtında isə bir insan məhv olur. Məhv olan insan isə çiyinlərində bu böyük adı, müəllim adını şərəflə daşıyır. Nə xoşbəxtəm ki, Allahım bu paklığı, müqəddəsliyi, böyüklüyü mənə verib. Sual versələr ki, yenidən dünyaya gəlsən  müəllim olmaq istərdinmi? Heç şübhəsiz ki, əlbəttə deyərdim. Mənim ruhumdadır  müəllimlik. Bu ad üçün uşaq ikən nə qədər darıxmışdım. Qürurla mən müəlliməm deməyi... İndi bu ad mənimdir. İllərlə darıxdığım müqəddəs ad.      

İsmayıllı rayon İstisu kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllim kimi pedaqoji fəaliyyətə başladığımın artıq dörd ili geridə qalıb. Bu dörd il ömrümün ən gözəl günləri, həyatımın ən mənalı səhifələridir. Düzdür, ilk müəllim kimi fəliyyətə Daşkəsən rayonunun ucqar kəndindən başlasam da, uğurlu bir mövqedə dayanmağımın tək səbəbi var, o da məhz işlədiyim İsmayıllı rayon İstisu kənd tam orta məktəbidir. Mükəmməl bir kollektivlə bir arada olmaqdan, onlarla bir yerdə çalışmaqdan nə qədər məmnunluq hissi duyduğumu anlatsam da, yenə də az olar. Gözəl bir pedaqoji kollektivin bir parçası olmaq, sözün əsl mənasında bir uğurdur. Onlarla elmi müzakirələr aparmaq, fikir mübadiləsində olmaq ayrı bir gözəllikdir.Onlarda duyduğum doğmalığı ürəyim əsla unudan deyildir.

Hər dəfə sinif otağına daxil olanda yadıma ilk dəfə müəllim kimi sinifə qədəm basdığım an düşür...

... Və bu zaman  sanki ürəyim yenidən həyacandan həminki kimi əsir. Müəllim kimi şagirdlərin sevgisini qazanmaq isə ayrı bir xoşbəxtlikdir. Həmin xoşbəxtliyi daxilən hiss etmək bəs edər.

Məktəbimizin uğurları da ildən-ildə artmaqda davam edir. Ötən illərə nəzər salanda bunu açıq aydın görmək olar. Geridə qoyduğumuz tədris ilində də uğurlarımız oldu.Təbii ki, bunun da yeganə səbəbi, mükəmməl müəllim kollektivinin olması, eynilə də şagirdlərin elmə, biliyə olan dərin marağından, istəyindən irəli gəlir. Bir müəllim olaraq Azərbaycan dilinə olan böyük sevgini, ədəbiyyata olan məhəbbəti onlarda aşıladığım üçün düşünürəm ki, müəyyən qədər istəyimə nail olmuşam. Ancaq bunlar kifayətlənmək məni qane etmir. Çünki qarşıdakı hədəflərimiz böyük, uğurlarımız isə daha çoxdur. Şagirdlərimlə həmin hədəflərə, uğurlara doğru addımlamaqda məqsədliyik.