Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 10:13:48
Müəllimlər arasında qəsdən yayılan sertifikasiya təlaşı – EHTİYATLI OLUN!  

Bir neçə gün bundan əvvəl İnsan Resursları Mərkəzi sertifikasiya prosesi haqda ətraflı  məlumat  verib. Lakin  bir çoxları bunu qeyri-rəsmi informasiyaların yayılmasına cavab kimi qəbul edirlər.  Çünki bir müddət əvvəl əksər müəllimlərə naməlum şəxsin nitqi ilə sertifikasiya haqda həyəcan dolu mesaj göndərilmişdi.

Mesajda bir qadın səsli şəkildə məzuniyyətdə olan müəllimlərə heç də xoş olmayan məlumat verəcəyini bildirir. Həyacanlı tonla qeyd edir ki, yanvar ayından respublika üzrə sertifikasiya imtahanının aparılması dəqiqləşib. Bu barədə iclasda bildiriblər. Üstəlik bu imtahan çox ciddidir, ondan keçməyən müəllim işləyə bilməyəcək, jurnala həsrət qalacaq və s. Odur ki, gecikmək olmaz, avqustdan başlayaraq müəllimlər hazırlıq keçməlidirlər.

Mesajda sertifikasiya imtahanlarının Abşeron rayonundan başlanaraq rayonlarda keçiriləcəyi, Bakının ən sona qalacağı da qeyd edilir. Müəllimlərə canıyananlığını xüsusi tonla bildirəm qadın onlara xüsusi kurslarda hazırlaşmağı məsləhət görür.

İnsan Resursları Mərkəzi müəllimlərin bu narahatlığını nəzərə alaraq onlara sertifikasiya ilə bağlı müraciət edib. Sertifikasiya qaydalarının 5 ay müddətində hazırlanacağı qeyd olunan müraciətdə qaydalar hazırlanıb təsdiq edilənədək əsası olmadan yayılan məlumatlara önəm verməmək tövsiyə olunub.

AzEdu.az olaraq bildiririk ki, bu tip həyəcan dolu mesajların heç bir əsası yoxdur. Sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Sertifikasiya qaydalarının 5 ay müddətində hazırlanıb təqdim olunması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Müvafiq qaydaların ilin sonunadək hazırlanması planlaşdırılır. Bu prosesin nə zaman və hansı formada keçiriləcəyi hələ ki, məlum deyil.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları