Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 15:44:02
“Bəzi müəllimlərin savadı öz şagirdlərindən aşağıdır” - Fərrux Rüstəmov   

“Təhsil Nazirliyinin müəyyənləşdirdiyi normativlərə hər yerdə əməl olunmalıdır. Yaxşı məktəb direktorları seçilməlidir ki, bu prosesi onlar özləri tənzimləsinlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi  Fərrux Rüstəmov deyib. O,  ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirilməsini ölkədə uğurla həyata keçirilən təhsil islahatının ən vacib həlqəsi adlandırıb:

“Məktəblərimizin peşəkar və səriştəli müəllim kadrları təminində diaqnostik qiymətləndirmə mühüm əhəmiyyət daşıyır. Son illərdə təhsilin məzmununda, forma və metodlarında ciddi dəyişikliklər olub. Müəllimlərin   müəyyən bir hissəsinin bu yenilikdən, yeni yanaşmadan, yeni tədris texnologiyasından xəbəri yoxdur. Diaqnostik qiymətləndirmə həmin müəllimlərin  elmi, metodiki və ixtisas hazırlığındakı kəsirləri üzə çıxarır. Müəllimlər onlara yaradılmış şəraitdən istifadə edərək (müxtəlif treninqlərdə iştirak etməklə) peşəkarlığını artırır, təkrar diaqnostok qiymətləndirmədə iştirak edirlər və ya da birdəfəlik məktəblə vidalaşmalı olurlar. Diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun olaraq dərs saatların bölgüsünə ciddi nəzarət edilməklə yanaşı, hesab edirəm ki, bu iş yerlərdə məktəb direktorlarına həvalə olunmalıdır. Məktəb direktorları müəllimləri daha yaxşı tanıyır, bəzən normativ sənədlər məktəbdəki yaradıcı mühitə pis təsir göstərir.  Məsələn,  65 yaşlı  pedaqoji elmlər namizədi olan kimya müəllimini  işdən azad edirik (qanun bunu tələb edir), onun  fənnin tədrisini riyaziyyat (!?) müəlliminə həvalə edirik. Məktəb bütövlükdə yaradıcılıq laboratoriyasıdır. Bu yaradıcılıq laboratoriyasına  rəhbərlik (müəllim seçmə, yerləşdirmə və s.)  məktəb direktoruna həvalə edilməli və məsuliyyəti artırılmalıdır. Məktəb direktorunun seçiminə həssaslıqla və məsuliyyətlə yanaşılmalı, geniş səlahiyyət verilməklə yanaşı tələblər də artırılmalıdır. Məktəbdə sağlam təhsil mühitinin yaradılması məhz direktorun fəaliyyəti və şəxsi keyfiyyətləri ilə bağlıdır”.

F.Rüstəmov sertifikatlaşdırma ilə bağlı xarici ölkələrin təcrübəsinin  ölkəmizdə tətbiq olunmasını təklif edib:

“Ənnəvi olaraq həmişə Azərbaycanda müəllimlərin attestasiyası keçirilib. Bu, o qədər də ciddi nəticə verməyib. Təhsilin məzmunu və texnologiyası əsaslı dəyişmədiyindən müəllimlərin hazırlığındakı çatışmazlıqlar o qədər də hiss olunmayıb. Sertifikasiya daha mükəmməl modeldir. Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri yoxlanılır,  onun peşəkarlığının mühüm cəhətləri  nəzərə alınmır. Məhz indiyəqədərki diaqnostik      qiymətləndirmənin nəticələrinə əsasən  sertifikatlaşdırma nəzərdə tutulub. Bu, dünya təcrübəsində yenilik deyil, düzgün və fərqli yanaşmadır. Sertifikatlaşdırma müəyyən mənada yaxşı və pis müəllim anlayışlarını aradan qaldırır. Sertifikat alıb məktəbə gələn müəllim yaxşı müəllim hesab olunur. ABŞ-da və Avropada bu modeldən çoxdan istifadə olunur.  Təhsil daim inkişaf edən və dövlətlərin prioritet hesab etdiyi  bir strateji sahədir. Millətin gələcəyi bu sahənin təmsilçilərinə - müəllimlərə həvalə olunub. Onlar da təhsildə gedən müasir tendensiyaları başa düşməli, qəbul etməli və öz fəaliyyətlərini ona uyğun qurmalıdır.  Daim öz üzərində işləməli, peşəkarlığını və səriştəliliyini artırmalıdır. Müəllim məktəbin və şagirdin gündən-günə artan tələbəni ödəməyə hazır olmalıdır. 5 ildən bir sertifakat almaq tələbi müəllimi həmişə formada saxlayacaq. Oxumağa, öyrənməyə, yeniliyi tətbiq etməyə onda mənəvi ehtiyac yaradacaq. Başa düşəcək ki, tutduğu müəllim vəzifəsinə 5 ildən sonra seçilməyə bilər. Sovet dövründə  ənənə belə idi ki, bir məktəbə müəllim göndərildinsə ömrünün sonuna qədər orada işləyə bilərdin. Bir şərtlə ki, cinayət hadisəsi törətməyəsən. Cəmiyyət dəyişir, təhsil yenilənir, müəllim də bu dəyişikliyə hazır olmalıdır. Müxtəlif bəhanələrlə bu işə kölgə salmaq olmaq. Bütün dəyişikliklər yaxşılığa doğrudur”.  

DQ imtahanlarıının tərəfdarı olan Fərrux Rüstəmov onun müəllimlər arasında  “sükut buzunu sındırdığını” qeyd edib:

“Diaqnostik Qiymətləndirmə çox zəruri addım idi.  Son iyirmi ildə təhsil sahəsində köklü dəyişikliklər baş verib. Bəzi müəllimlərin  (diaqnostik qiymətləndirmədən aşağı bal toplayanlar) bu yenilikdən xəbərləri yoxdur. Texnoloji savadları öz şagirdlərindən aşağıdır. Təhsillə bağlı qəzet, jurnal, heç bir yeni ədəbiyyat oxumur. Diaqnostik qiymətləndirmə keçirilənə qədər buna heç ehtiyac da hiss etmirdi. Diaqnostik qiymətləndirmənin tətbiqi müəllimlər arasında “sükut buzunu sındırdı”. Yaxşı mənada müəllimlər arasında mənəvi zəlzələ effekti yaratdı. Həmkarları, şagirdləri və valideynlər arasında nüfuzdan düşməmək üçün müəllimlər ciddi-cəhdlə öz üzərində işləməyə başladı. Nəticə müəllimlərin əksəriyyəti üçün uğurlu oldu. Diaqnostik qiymətləndirmə  müəllimlərdə məsuliyyət hissini gücləndirdi və xeyli səmərəli oldu”.

Onun sözlərinə görə, millətini düşünməyə müəllim nə qədər istedadlı olsa da, xalqa heç bir xeyri toxunmayacaq:

“Gizli deyil ki, məktəblərdə saxta diplomla işləyən xeyli müəllim var. Onlar yavaş-yavaş aradan çıxarılmalıdırlar. 1990-cı illərin əvvəllərində ictimai-siyasi, sosial durumla bağlı yaxşı müəllimlərin çoxu məktəbdən getdi. Çünki müəllimlər əməkhaqqı ala bilmirdilər. Onların yerini 6-8 aylıq kurs keçən müəllimlər tutdular. Biz indi elə bunun bəlasını çəkirik. Bu, illərlə davam edəcək. Həmin müəllimlər DQ, sertifikatlaşdırma və  hansısa digər  yolla məktəbdən uzaqlaşdırılmalıdırlar. Gələcəyimiz olan uşaqlar millətini, dövlətini, dövlətçiliyini sevən məktəb direktoruna və müəllimlərə etibar  edilməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları