Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 12:24:00
Peşə təhsili müəssisələrinə tələbə qəbulu başladı  

Bu tədris ilində qəbul üçün 21 min 260 yer ayrılıb

 

2021-2022-ci tədris ili üzrə ölkəmizdəki peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib. Tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacaq. Avqustun 10-dan başlayan proses elektron qaydada həyata keçiriləcək və 10 gün davam edəcək.  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov proses barədə məlumat verərək bildirib ki, bu tədris ilində peşə təhsili müəssisələrinə qəbul üçün 21 min 260 yer ayrılıb. O, peşə təhsili üzrə qəbul planının artırıldığını deyib. Peşə təhsilinə ildən-ilə artan marağı və əmək bazarının tələblərini nəzərə alaraq, cari tədris ilində qəbul planına 20-yə qədər yeni ixtisasın əlavə edildiyini vurğulayıb.

 

2021-2022-ci tədris ilində yüksək texniki peşə təhsilində də ixtisas və yer sayında dəyişiklik olub. Belə ki, növbəti tədris ilindən subbakalavr hazırlığına 15 ixtisas üzrə 840 yer verilib. Üstəlik, artıq subbakalvr diplomunu sadəcə Bakıdakı peşə təhsili müəssisələri verməyəcək. Ceyhun Kərəmovun sözlərinə görə, yüksək texniki peşə təhsili üzrə qəbul 5 regionda 7 peşə təhsili müəssisəsini əhatə edəcək.

 

Yeni tədris ilində ilk dəfə olaraq, yüksək texniki peşə təhsil səviyyəsinə 15 ixtisas üzrə 840 tələbə yeri ayrılıb.

 

Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi peşə təhsilinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını həyata keçirir. Qəbulun əsas məqsədi müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki kadr hazırlığını həyata keçirməkdir.

 

Ruhiyyə DAŞSALAHLI

Azərbaycan müəllimi