Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 12:08:00
“Sertifikasiya yaş həddi və bölgələrə görə müəyyənləşdirilsin” – TƏKLİF

“Məsələn, ilkin mərhələdə 55 yaşdan yuxarı olan müəllimlər, ondan sonra 45-55 yaşlı müəllimlər sertifikasiyadan keçməlidirlər. Çünki bütün müəllimlərə eyni formada yanaşmaq olmaz”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, hər yaş həddinə, təhsilə, bölgəyə eyni formatı tətbiq etmək düzgün deyil.

“Müəllimlərin sertifikasıyası ilkin olaraq könüllülük əsasında həyata keçiriləcək. Çünki birdən birə 4500 məktəbdə çalışan 151 min müəllimin sertifikasiyaya cəlb olunması mümkün deyil.

Mən təklif etmişəm ki, bu sertifikasiya bölgələr üzrə və yaş həddinə görə müəyyənləşdirilsin. Ümumiyyətlə bu məsələdə standartlar müəyyən olunmalıdır.

Məsələn, ilkin mərhələdə 55 yaşdan yuxarı olan müəllimlər, ondan sonra 45-55 yaşlı müəllimlər sertifikasiyadan keçməlidirlər. Çünki bütün müəllimlərə eyni formada yanaşmaq olmaz. Hətta, fikrimcə, məktəbin yerləşdiyi ərazi üzrə də müxtəlif dərəcəli yanaşma tətbiq edilməlidir”.

Qeyd edək ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər yalnız sertifikatlaşdırılmadan keçəcəklər. Yəni onların həm attestasiya həm də sertifikasiyadan keçməsinə heç bir ehtiyac qalmayacaq. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Hazırda sertifikasiya ilə bağlı müvafiq qaydaların 5 ay müddətində hazırlanıb təqdim olunması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Sertifikatlaşdırma prosesinin aparılması ilə bağlı müvafiq qaydaların ilin sonunadək hazırlanması planlaşdırılır.