Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 10:46:00
“MİQ imtahanlarında səhv və ikili cavabı olan test tapşırıqları təqdim olunur” - EKSPERT

“MİQ imtahanlarının təşkilatçılığı yüksək səviyyədə təşkil olunsa da, imtahanda iştirak edən müəllimlərə təqdim olunan test tapşırıqları barədə müsbət fikir bildirmək çətindir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, mübahisəli test tapşırıqlarına, adətən, rus bölməsi üzrə hazırlanan testlərdə rast gəlinir: 

“Əvvəla, imtahanda iştirak edən müəllimlərin şəxsi kabinetlərində verdikləri imtahan sualları əks olunmalı, onlar hansı suallara səhv, hansına doğru cavab verdiklərini bilməli və görməlidir.

Bəli, indiyə qədər keçirilən MİQ imtahanlarında səhv test tapşırığı da olub, ikili cavab olan test tapşırığı da olub, mübahisəli test tapşırığı da.

Ümumilikdə MİQ imtahanı ilə bağlı proqramın, ədəbiyyat siyahısının olmaması imtahanlara kölgə salır. Bu il keçirilən 4-5 sualda olmasa da , 2- 3 sualda səhv ola bilər. Belə problemlərlə daha çox rus bölməsi üzrə imtahan verən müəllimlər qarşılaşırlar. Texniki və tərcümə ilə bağlı qüsurlar çox olur”.

Qeyd edək ki, iyulun 10-dan başlayaraq, elektron ərizəsi qəbul edilən namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. Alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.