Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 20:27:34
700 bal toplayanların direktorları AZEdu.az-a danışdılar:” Dedi ki, ikimizi də birlikdə televizorda göstərcəklər”  

18 iyulda I və IV ixtisas qrupu üzrə keçirilən imtahanda 15 nəfər 700 bal toplayıb.

Maksimum nəticə göstərən abituriyentlərin oxuduqları məktəblərin direktorları öz hiss və sevinclərini  AzEdu.az-la bölüşüblər:

Bakı şəhər 109 saylı tam orta məktəbin direktoru  Füzuli Xudiyev rəhbəri olduğu məktəbin yetirməsi olan “700-lük abituriyent” – Azər Zeynallının uğurundan danışarkən, təəccüblənmədiyini qeyd edib:

“Mən Azərdən bu nəticəni gözləyirdim. Bu şad xəbəri mənə bir az əvvəl Azərin valideyni zəng edərək çatdırıb. Dünən Azər özü də zəng edib dedi ki, müəllim, narahat olmayın televiziyada ikimizi bir yerdə göstərəcəklər. Mən də şərt qoymuşdum ki, maksimum nəticə toplamalısan (gülür-red). Bu nəticə bizim məktəbdə ilkdir. Amma ondan başqa 600 balı keçən 4 şagird də var. Biz Azərin uğuruna çox sevinirik”.

Bakı şəhər 29 saylı tam orta məktəbin direktoru Mirdamət Sadıqov şagirdi Balakişiyeva Nərminin maksimum nəticəsi haqqında ürəkdolusu danışıb:

“ Balakişiyeva Nərmin Arzuman qızı bu il IV  qrup üzrə 700 bal toplayıb. Nərmin olduqca savadlı qızdır. Mən bu nəticəni hələ birinci imtahanda gözləyirdim. O repetitor yanına getmədən hazırlaşıb. Bütün günü məktəbə gəlir, hər bir dərsdə iştirak edirdi. Tamamilə valideyn nəzarətində olan və başqa məşğuliyyəti olmayan bir uşaqdır. Kasıb ailənin övladıdır, onun repetitora verməyə pulu nə gəzirdi? Arıq bir qızdır, baxsanız heç inanmazsınız ki, Nərmin bu qədər savadlı, istedadlı ola bilər.

Nəzərinizə çatdırım ki, mən növbəti imtahanda 2 şagirdimdən də 700 bal gözləyirəm. Bu il isə ümumilikdə 8 şagirdim 620 baldan yuxarı nəticə göstərib. Nərmin isə məktəbimizdə ilk maksimum nəticə göstərən şagirddir”.

Bakı şəhər 192 saylı tam orta məktəbin direktoru Hüseynqulu Əliəsgərov da ən azı, şagirdinin valideynləri qədər sevinclidir:

“Kərimxanov Anar Azad oğlu IV  qrup üzrə 700 bal toplayıb. Açığı, Anardan 680-690 bal gözləyirdim, tam da 700 olacağını təsəvvür etməmişdim. Birinci mərhələdə müəyyən proqramı başa vurmadığı üçün bir az aşağı nəticə olmuşdu. Bu, məktəb tarixində ilk maksimum nəticədir. Valideynləri ilə mütamadi əlaqə saxlayırdım. Xəbəri də mənə Anarın valideyni dedi. Digər 2 şagirdim də 690 bal toplayıb. Bir də nəzərinizə çatdırım ki, bəlkə də inanmazsınız, amma Anar heç vaxt mobil telefon işlətməyib. Yəni mən bunun şahidi olmamışam”.

Bakı şəhəri 58 saylı tam orta məktəbin direktoru Ulduzxan Abdullayev da təəssüratlarını bizimlə bölüşüb:

“Mehdizadə Sona I qrup üzrə 700 bal toplayıb. Bu xəbəri eşitmək çox gözəl bir hissdir. Respublika olimpiadalarında 9-cu sinifdə uğur qazanan və ümumiyyətlə məktəb əlaçısı , savadlı uşaqdır. Əsl azəri qızı və eyni zamanda belə bir biliyə sahib gözəl balamızdı. Biz çox sevinirik , çox şadıq. Bizim məktəbdə hər kəs bu münasibətlə bir- birini təbrik edir. Bizim millətimizə, xalqımıza çox lazımlı bir kadrdır. Sonanın uğurlu gələcəyi olacağına inanıram”.

Qeyd edək ki, 18 iyulda keçirilən imtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.