Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 15:35:00
Qeyb olan ulduz topaları qara dəliklərin nəhəng populyasiyasına işarə edir

Qeyb olan ulduz topaları qara dəliklərin nəhəng populyasiyasına işarə edir.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a bildiriblər ki, Palomar 5 ulduz topası qeyri-adi ulduz topasıdır. Tədqiqat işində göstərilib ki, bu ulduz topasının qeyri-adiliyi, topada mövcud olan çoxsaylı qara dəlik populyasiyasının nəticəsidir. Topanın mərkəzində 100-dən çox belə populyasiya qeydə alınıb.

Tədqiqatın rəhbəri Barselona Universitetinin Kosmik Elmlər İnstitutunun professoru Mark Gilsin sözlərinə görə, qara dəliklərin sayı, hesablamaların nəticəsindən 3 dəfə artıqdır. Belə olan halda topanın ümumi kütləsinin 20 faizdən çoxu qara dəliklərin payına düşmüş olur. Bu qara dəliklərin hər biri 20 Günəş kütləsinə malikdir. Hesab edilir ki, bu qara dəliklər ulduz topası hələ cavan olduğu zaman massiv ulduzların həyatlarının sonunda ifratyeni kimi partlamasının məhsuludur.

Qeyd edək ki, ulduz axınları, dağılmaqda olan ulduz topalarından və cırtdan qalaktikalardan atılmış ulduzlardan yaranır. Son illər ərzində Süd yolunun halosunda 30 belə zəif axın aşkar olunub. Nəzəriyyəyə görə ulduz axınlarının əmələ gəlməsi parçalanan ulduz topaları ilə əlaqələndirilir, lakin bu günə qədər elm adamları tərəfindən Palomar 5 ulduz topası ilə əlaqəli yalnız bir ulduz axını qeydə alınıb.
Müəlliflər tərəfindən ulduz topasının yaranmasından indiki halına qədər model hesablamaları aparılıb. İlkin verilənlər üçün topanın müşahidə olunan xüsusiyyətləri və ulduz axınları ilə ən çox uyğun gələn qiymətləri seçilərək belə nəticəyə gəlinib ki, başlanğıcda ulduz topasında qara dəliklərin payı kifayət qədər az olub. Lakin ulduzlar topanı qara dəliklərlə nisbətdə daha asan tərk edə bildikləri üçün zamanla qara dəliklərin payı artıb. Bu isə topanın “şişməsinə” səbəb olub. Çünki qara dəliklər topanın ulduzlarına qravitasiya təsiri göstərirlər və ulduz axınının yaranmasına səbəb olurlar. Ehtimal edilir ki, təxminən 1 milyard il sonra gerçəkləşəcək yekun parçalanmadan öncə, ulduz topası tamamilə qara dəliklərdən ibarət olacaq.

Gils və onun tədqiqat qrupunun fikrincə, Palomar 5 ulduz topasının təkamül mexanizmi Süd yolundakı ulduz topaları üçün də keçərlidir.