Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 11:52:00
Akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün təlimlər təşkil olunub  

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün təlimlərin II modulu çərçivəsində xarici keyfiyyət təminatına dair onlayn təlimlər keçirilib.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, təlimlərdə ümumilikdə 50-dən çox ekspert iştirak edib. Sözügedən ekspertlər 20 müxtəlif ali təhsil müəssisəsini, əmək bazarını və Təhsil Nazirliyini təmsil ediblər.

 

Akkreditasiya proseslərinə cəlb olunacaq və I modulu uğurla tamamlayan ekspertlər üçün mütəmadi olaraq təşkil olunması nəzərdə tutulan bu təlimlərin əsas məqsədi akkreditasiya prosesində ekspertlərin rolunun nədən ibarət olması, Akkreditasiya Komissiyasının hüquq və vəzifələri, yekun hesabatın hazırlanma prosesi və ona qoyulan tələblər barədə məlumat verməkdir.

 

Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərib namizədlər II modulu uğurla tamamlayaraq son olaraq III modul olan xarici keyfiyyət təminatı təlimlərinə cəlb olunacaqlar. Hər 3 səviyyəni uğurla bitirmiş ekspertlər sertifikatla təltif olunacaq və sertifikatlaşmış ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcəklər.