Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 13:48:00
“Abituriyentin elektron ərizəsi”nin təsdiqini ləğv etmək istəyənlərin NƏZƏRİNƏ  

Elektron ərizənin təsdiqini ləğv etmək üçün Dövlət İmtahan Mərkəzinə getməyə ehtiyac yoxdur.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, təsdiq edilmiş elektron ərizəni ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu müvafiq sahələrə qeyd edirlər. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini basmaq lazımdır.

 

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

 

Abituriyent elektron ərizəni yenidən doldurarkən diqqətli olmalı və onu təsdiq etməyi unutmamalıdır.

 

Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

 

Xatırladaq ki, abituriyentlər mayın 27-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

 

Elektron ərizələrin qəbulu iyunun 8-i saat 23:59-dək davam edəcək.