Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 11:57:00
Bu gənclik Şuşanı görmədən Şuşa dağlarına dırmaşıb o dağlar incisini azad edən gənclikdir-Əkbər Qoşqarlı

Əkbər Qoşalı: "Gələcək nəslin daha vətənpərvər olması üçün gənclərə, gəncliyə münasibətdə ədalətli olmalıyıq"

 

"Gələcək üçün yeni hədəflərlə çıxış etməliyik"

 

AzEdu.az xəbər verir ki, Milli QHT Forumu İdarə heyətinin üzvü, beynəlxalq "Alaş" Ədəbi Mükafatı laureatı, tanınmış yazar Əkbər Qoşalı gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində dövlət səviyyəsində görülən işlər, eləcə də atılması vacib olan addımlar barədə "OLAYIAR"-a müsahibə verib.  

 

-Əkbər müəlllim, bugünkü Azərbaycan gəncini kifayət qədər vətənpərvər, milli-mənlik şüuruna sahib bir təbəqə kimi səciyyələndirmək olarmı?

 

-Siz bilirsiniz, mənim şüurlu həyatım, əmək fəaliyyətim önəmli dərəcədə gəncliklə, gənclərlə bağlı olub,  Demək olar elə bu gün də gənclikdən, gənc nəsillə işdən uzaq deyiləm. Necə deyərlər, "Bu sevda ölüncədir". Bir də Xəlil Rza Ulutürkün "Uzun sürən gənclik" deyimi var... Bəli, bizimki bir qədər də uzun sürən gənclik misalidir. Bir də baxdıq, dünənədək "hələ gəncsiz, nə yaşınız var, səbr edin" deyənlər, "siz yaşlısız, gənclərə yer vermək lazımdır" - filan deyir. Təsəvvür edirsiz? - Deyən eyni, deyilən eyni, amma yaş fərqli... Nə isə bu qalsın öz yerində. İndi nəyin yeridir? - İndi məhz Azərbaycan gəncini yetərincə vətəncanlı, milli-mənlik şüuruna yiyələnmiş bir təbəqə kimi səciyyələndirməyin yeri və vaxtıdır. Bu gənclik Şuşanı görmədən Şuşa dağlarına dırmaşıb o dağlar incisini azad edən gənclikdir! Əliyalın demək istəmirəm amma ağır silahlarla deyil, yüngül silahlarla və pay-piyada yürüyüb, yolsuz yerlərdən bugünümüzə, gələcəyə, ruha... yol açan bizim bugünkü gəncliyimiz deyilmi? - Bəli, onlardır.  Əliyalın olan da yürüyürdü - bilirsiz, niyə və necə? - Çünki bilirdi ki, Ordumuz var, bilirdi ki "Ordum varsa, yurdum var"; silahımız olsa da, Şuşanın mümkün olan ən az itki və ən az dağıntı ilə azad edilməsi tapşırığı vardı - bunu bilirdi Azərbaycan gənci.

Bizim gənclər Şuşa dağlarına dırmaşanda, o dağların başında yaxası dəmir-dümür dolu bir sürü qalib-malib, general-meneral vardı, Allah qoymasa. - Onlardan biri general-polkovnikdi, Şuşa səmtlərdə pırtlamışdı və şəhər komendatlığını-zadı üstlənmişdi. Nooldu? - Dağ başındakı general-polkovnik dağa dırmaşan polkovniklərin qarşısından zar-zor qurtardı, taytıya-taytıya qaçıb murdar canını qurtardı. Bunlar gələcəyin tərəfsiz yazarlarının qələmindən süzüləcək və kimin kim olduğunu daha gələcək nəsillərə çatdıracaqdır.

-Sizcə ölkədə milli şüura malik, vətənpərvər gənclərin yetişməsi, formalaşması qısa müddətli bir prosesdir, yoxsa, bunun üçün müəyyən bir zaman lazımdır?

-Əlbəttə, burda uzunmüddətli işin də,  İlahi eşqin də, spontan qərarların də universallaşması, harmoniyası və öz yeri vardır. Necə deyərlər, biri olmazsa, o biri də olmaz. Uzunmüddətli deyərkən,  hansısa bir qurumun gördüyü işləri deyil, ümumən müstəqil dövlətin, Azərbaycandan böyük Azərbaycanın kainat ruhunu, tarixin uzunmüddətli dərslərini nəzərdə tuturam. Və bir ömrə sığmayan ömürlərin, bir günə sığmayan - əsrə bərabər günlərin dedirtdiklərini unutmuram bu yerdə. Unutmuram ki "Polad Həşimovun intiqamını almağa gedirəm", "Mübarizin ruhunu şad etməyə gedirəm" deyən oğullar sırf uzunmüddətli hazırlığın, məqsədyönlü işin deyil, İlahi eşqin hökmünün icraçıları idi. Nə yalnız intiqam peşində qoşan eşqli Vətən oğulları, nə yalnız uzunmüddətli məşqlərlə hərb ağlına yiyələnmişlər - hamı, hamı bir yerdə 44 günlük möcüzəni yarada bilərdi - elə də oldu. Bu, eşqin ağılla, ağlın eşqlə İlahi çulğalaşması, unikal birliyiydi. 

-Şəhid ailələri və qazilərə yönəlik dövlət yardımı gənclərin vətənpərvərlik hisslərinin artmasına nə dərəcədə təsir göstərir?

-Şəhid dövlətini öz canından əziz tutdu, qazi sağlamlığını Vətənin ruh sağlığına qurban etdi, dövlət də şəhidini özünün bilir, qazisinin kiməsə, nəyə möhtac olmasına qıymır, məhz özünün imkanlarını ortaya qoyur. Xalq dövlətin yaradıcısı, dövlət xalqın yönəldicisi, təşkiledicisi, qoruyucusudur. Xalq dövlətin qoruyucusu olmazsa, dövlətin qoruyuculuğu da təsirli olmaz. Mən bunu dövlət kimi dövlətlər üçün deyirəm. Hansısa əldəqayırma, uğursuz - sınırları başqa dövlətlərin oyunbaz "xəritə cızma-qarası" ilə çəkilmiş dövlətlər üçün, "tayfalar ittifaqı" üçün bu yanaşma doğru olmaya bilər. Milli dövlət, müstəqil dövlət, hər qarışı şəhid qanı ilə suvarılmış ədalətli ölkə müqəddəsdir. Bu müqəddəsliyi kim nə vaxt necə qiymətləndirir? - bu ayrı söhbətdir. Mənim sözüm Şuşa eşqinə qanadlanmağı bacaran Vətən fədailəri və onların mühiti üçündür. Elə eşqlər, qanadlanmalar təsadüflərin məhsulu ola bilməz. Təsəvvür edin, evində hüzur olmayan, heç evi olmayan, cəbhəyə yazılarkən cibində beş quruşu olmayan oğullar necə vuruşub, necə əfsanələr yaradıb - bu möcüzə deyilmi!? Mən şəhid ailələri, yaralı qazilərlə az qala günaşırı görüşürəm, dərdləşirəm,  onlardan öyrənirəm, onlarla könülləşirəm və görürəm, biz mümkünüsüzü mümkün etmiş bir ölkəyik. Ona görə də, yardım, imdad, kömək - bu sözləri gözardı etməsəm də, fövqəladələşdirmirəm də. Hər şeyin öz yeri, hər yerin öz sözü-sovu var.

Konkret olaraq, "YAŞAT" Fondu, İcra hakimiyyətlərindəki yeni müvafiq şöbələr və digər yeni qurum-quruluşlar günümüzün gerçəkliyidir. Ola bilsin, o qurumların ştatlarına təyinat almış qazilərimizdən, şəhid ailəsi mənsublarımızdan hansılarsa, onlara həvalə olunmuş işdə peşəkar deyil, ancaq ümidvarıq şəhid ailəsini, yaralı qazini bürokrarik əngəllə üz-üzə qoymamaq peşəkarlıq yox, vicdan kateqoriyasında da ühulətli-suhulətli çözümə qovuşdurula bilər. Neynək, məsul işə "qıraq adam" qoyulunca, deyirlər, "öz canında hiss etməyib, o nə bilir biz nə çəkirik"; öz canında hiss edənlərdən də hamısı işində peşəkar olmur. Neynək, oğullarımız toy-düyün kimi getsələr də, müharibədən çıxmışıq, zarafat deyil, müharibədən! Özü də, necə aşağılıq bir düşmənlə müharibədən - adamın düşmən sözünə də heyfi gəlir, mütləq qarşısında bir köməkçi söz deməlisən. Ləyaqətsiz, şərəfsiz, aşağılıq düşmən və s. Yəni bu ağrı-acıları bizə müncər edənləri unudub, hirs-hikkəmizi bir-birimizə yönəltmədən - müharibədəki qızıl ləyaqət misalı, mülki həyatda da qızıl ləyaqət göstərməliyik. Zamanla hər şey öz yerini alacaq.

-Belə demək mümkünsə bu gün Azərbaycan gənclərinin milli şüura malik, vətənpərvər kimi böyüməsində Heydər Əliyev siyasi kursunun öz payı, öz yeri var.

-Dövlət siyasəti, müvafiq sahələrə məsul mərkəzi icra hakimiyyəti orqanları, uyğun proqramlar, layihələr, sosial-ictimai institutlar və b. şəkillənmələr, toplum infrastrukturlaşmaları, hadisələr dövlətçilik, müstəqillik düşüncələrinin xarakterikləşməsinin təntənəsidir. Düşüncələr xarakterə çevrilənədək bəlli yol, ömür keçir. Heydər Əliyev miqyasını anlamaq üçün zamanın keçməsi ən adil ölçü, meyar sayıla bilərdi. Və budur, zaman keçib və biz qalib Azərbaycanın vətəndaşları kimi uğurlaşırıq. Qardaş Türkiyənin Azərbaycan kökənli şairi Coşğun Qarabuludun sözləri ilə desək, nərədən-nərəyə?.. Yenə Coşğun bəyin sözləridir: "Vəsiyyətimdir: hər şeyimi zamana buraxıram". Zaman - hakimlərin ən adili! Ali Baş Komandan Şuşa azad olunan gün nə dedi? - "Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.

Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!

Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

 

Bəs Heydər Əliyev özü nə deyirdi? - Deyirdi ki: "Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur".

 

Bəli, sözümüzün bugününü də, dünənini də Şuşaya indeksləməyimiz təsadüf deyil. Təsadüfi deyil ki, öz sözmüz də, sitatımız da Şuşadır, Şuşacanlıdır. Çünki Şuşa candır.

 

-44 günlük müharibədəki tarixi zəfərimizin kökündə də bu amil dayanmırmı?

 

-Mənə elə gəlir, sualınıza bir xeyli dərəcədə cavab vermiş bulunuram. Əlavə edək ki zəfərimizin kökü yaddaşımızın elə qatlarından su içir ki, zəfər qazananlarımızın başı ala buludlara dəyəcək qədər ucalır. Torpağın dərinlikləri də, buludlara toxunuşlar da Günəşi unutdurmur bizə, əksinə Günəşin varlığını bir daha təsdiq və təsbit edir. Günəş! - Xalqımızın öz dövlətinə bağlılığından doğur! Tarixlə gələcəyin öpüşündən şəfəqlənir Günəş. O Günəş Azərbaycandan doğur, o Günəş Azərbaycana doğur. Azərbaycan dünyamızdır, özündən böyük dünya, dünya içrə dünya, dünyadan böyük dünya! - Dünya gəzişməsini durdurub, bir daha vurğulamaq istərdim ki, özünə doğmayan özgəsinə də işıq salmaz. Yalnız özgələri isidən Günəş, Günəş deyil, sünii işıqlandırılmış aysberqdir-nədir... o da göyüzündə deyildir.

 

Vətən Müharibəsi bizə elə anlar, günlər, aylar yaşadıb, gerçəkliklə mistikanın qovuşuğunda hiss edə bilirik özümüzü. Bu günlərdə Milli Məclisin Mədəniyyət Komitəsinin daha üç Komitə ilə birgə müzakirəsi vardı. Mövzu: "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsi idi! Orada da vurğulandığı kimi, bundan tam bir il, hətta bir neçə ay öncə, 2021-ci ilin mayında Milli Məclisdə belə bir qanun layihəsinin müzakirəsinin aparılacağını düşünmək xəyala belə gəlmirdi bəlkə. Müzakirələrdə bir alim Millət vəkilimiz Şuşanın azad olunmasını folklorumuzda deyilənlərlə müqayisə edərək, çox maraqlı paralellikləri diqqətə çatdırdı. Alim Şuşanın azad olunmasını düşmənin - divin canının şüşədə olması ilə qiyasladı. Şüşənin sındırılmasını Şuşadakı düşmənin sındırılması, belinin qırılması və məğlub olması şəklində yorumladı. Belə yorum yapıldı ki, divin canı saxlanan şüşə 40-cı otaqda saxlanan kimi, Azərbaycan oğulları da, təqribən Vətən Müharibəsinin 40-cı günündə şüşəyə - Şuşaya, qalibiyyətin sirrinin olduğu "40-cı oda"ya çata bilmişdi... Və 40-cı odaya ənənəvi yolla getmək mümkün və məsləhət deyildi -  ora yeni yolla gedilməliydi - necə ki gedildi... - Doğrudan da maraqlı paralellik idi. Bəlkə də kahinlərin bildiyi bir şey varmış... Mifologiyamıza, folklorumuza yeni gözlə baxmalıyıq...

 

-Sizcə gələcək nəslin daha vətənpərvər olması üçün daha hansı addımlar atılmalıdır?

 

-Gələcək nəslin daha vətənpərvər olması üçün gənclərə, gəncliyə münasibətdə ədalətli olmalıyıq. Gələcək üçün yeni hədəflərlə çıxış etməliyik. Zəngəzur, Göyçə, İrəvan... - bilincimiz tarixi haqlarımızın peşində səfərbər olmalıdır. Zamanın bizim əleyhimizə dolanma tsiklini başa vurduğuna, yeni Azərbaycan intibahına inanıb, bu uğurda çalışmalıyıq.

 -Bu istiqamətdə KİV-lərin, televiziyaların, eləcə də yazarlarımızın üzərinə hansı vəzifələr düşür?

 

-Bax, bayaqdan gənclikdən, gələcəkdən danışırıq, şüurdan, təbliğatdan danışırıq, elə deyilmi..? İndi TV dediniz, yadıma düşdü. Məlumunuz, bir "Avroviziya" mahnı yarışması var. Olsun, mahnıdı,  yarışmadı, olsun, ancaq oradakı Azərbaycan təmsilçisi, Azərbaycanın təmsili necə olsun? - "Mata Hari" iləmi? - O, bədlöyün geyim, daha doğrusu, geyimsizlikləmi? - "İrəligörüşlər"imiz bizi mühafizəkarlıqda-filanda qınar qınasın, Allah eşqinə, illa da başqalarına bənzəmək, kiminsə ikincisi, üçüncüsü, "vari"si olmaq zorundayıqmı? Biz Avropaya, lap elə Niderlanda Azərbaycan etnoyaddaşının təmsilçisi kimi maraqlı olarıq, daha onların casus və bar keçmişini təcəssüm etdirərək yox. İTV, AGİN yaxud "Avroviziya"ya məsul şəxslər belə bir sınaq eləsinlər, hələ görək necə alınacaq: milli geyimli istedadlı, Vətəncanlı, ingilis dilini tum kimi çırtdadan azərbaycanlı gənclər çıxsın səhnəyə  görək "Mata Hari" urvatsızlığı iləmi üzləşəcəyik yenə. Hələ bir verdiyimiz və aldığımız xallara baxdınızmı? Allah kəsməsin sizin verdiyinizi də, aldığınızı da. O nəydi elə?.. Biz o yarışmada qalib də omuşuq, başqa fəxri yerlər də tutmuşuq, babat xallar da qazanmışıq. Məncə, sınaq edib, "Mata Hari"-dən-zaddan öz günümüzə, öz kültürümüzə dönüş etməkdə fayda vardır. 

 

TV-lər başda olmaqla, ictimai fikri qidalandıran bütün institutların, bütün hüquqi və fiziki şəxslərin üzərinə vəzifələr düşür, təbii. Təbii, bu vəzifələr, 8 saatlıq iş qrafiki ilə deyil, maaşla deyil, 8 saat başlamamışdan öncə və sonra da davam edər... Bu vəzifələr paralı-parasız sürər... Vətəninin, bayrağının, dövlətinin müqəddəsliyinə, özündən böyük mənasına inanmaqla meyarlaşar, dərinləşər, durular və yeni üfüqlər qazanar... Günəş kimi yayılar...

 

Dövlətimiz zaval görməsin!