Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 10:06:00
Mayın 26-27-də DİM onlayn apellyasiya prosesi təşkil edəcək

Tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən test imtahanının nəticələrindən narazı qalan şagirdlər üçün mayın 26-27-də onlayn apellyasiya prosesi (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 24-25-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, mayın 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib.