Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 09:51:00
Alimlər məməlilərin və quşların müxtəlif orqanların inkişafını izləyiblər

Bioloqlar məməlilərin altı, quşların isə bir növündə müxtəlif orqanların inkişafını izləyiblər.

AzEdu.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bioloqlar alternativ splaysinqin – genlərin RNT surətlərinin “yetişmə” prosesinin embrion toxumalarının inkişafına necə təsir etməsinə dair qeyri-adi oxşarlıq aşkar ediblər. Tədqiqatın nəticələri “Nature Genetics” jurnalında dərc edilib.
İnsan və digər çoxhüceyrəlilərin genlərində bir deyil, eyni vaxtda bir neçə zülal molekulunun sintezi üçün “təlimatlar” ola bilər. Bu, onun sayəsindədir ki, hüceyrə nüvəsi xüsusi yolla bu və ya digər genin surəti olan RNT molekulunun quruluşunu dəyişə bilər, ondan “lazımsız” hissələri kəsə bilər. Alimlər bu prosesi alternativ splaysinq adlandırır. Bu proses DNT-nin eyni sahəsinin kodlaşdırdığı zülal molekulunun necə və harada işləyəcəyini köklü şəkildə dəyişir. Genlərin fəaliyyət yönünün dəyişməsi bədəndə, o cümlədən beyində bir çox toxumaların yaşamasında son dərəcə vacib rol oynayır və onun pozulması fərd üçün ən ağır nəticələrə gətirib çıxarır.

Heydelberq Universitetindən professor Henrix Kessmanın rəhbərliyi ilə Rusiya və Almaniyadan molekulyar bioloqlar insanda, beş növ məməlidə, habelə toyuqda müxtəlif orqanların və toxumaların yaranmasına və inkişafına alternativ splaysinqin necə təsir etdiyini öyrəniblər.

Alimlər yeddi orqandan, o cümlədən beyindən, böyrəkdən, qaraciyərdən və yumurtalıqdan hüceyrə nümunələri toplayaraq, onlardan genlərin hazır surətləri olan matrisalı RNT molekullarını ayırıblar. Sonra həmin molekulların quruluşunu oxuyublar və onlarla bağlı olan genin necə işlədiyini müqayisə ediblər.

Məlum olub ki, alternativ splaysinq tədqiqata cəlb edilmiş bütün heyvanların bəzi orqanlarının formalaşmasında mühüm rol oynayıb. Belə ki, beyin, ürək və toxum vəzisi toxumalarının formalaşmasında son dərəcə vacib olub, lakin qaraciyər, böyrək və yumurtalığa təsir etməyib.
Alimlər aşkar ediblər ki, bütün növ canlıların dölündə və insan embrionunda genlərin çoxunun fəaliyyəti oxşar yolla dəyişib ki, bu, xüsusən onların inkişafının son mərhələlərinə aiddir. Əldə olunan nəticə alternativ splaysinq pozulmasının müxtəlif xəstəliklərin yaranması ilə necə bağlı olmasını tədqiq etmək üçün heyvan modellərindən istifadə etməyə imkan yaradır.