Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 14:22:00
Təqaüdçü müəllimin dərs deməsi üçün kollektivdə nüfuzu olmalıdır - NAZİRLİK

“Təqaüd yaşına çatmış müəllimin dərs yükü kifayət etməlidir ki, o və kolleqaları lazımı tədris saatları  ilə təmin edilsinlər. Onun kollektivdə nüfuzu olmalıdır. Ən mühüm meyarlardan biri isə müəllimin diaqnostik qiymətləndirmədə qənaətbəxş nəticə göstərməsidir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil TV-nin  “Həftənin sualı” verlişində Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri vəzifəsini icra edən  Murad  Camalzadə səsləndirib. Onun sözlərinə görə, təqaüdyaşlı müəllimlərin əmək münasibətlərinin tənzimlənməsi üçün struktur qaydaları var:

“Qaydalara əsasən bu məsələlərə yerli təhsil idarəetmə orqanları, eləcə də Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən baxılır. Bu müəllimlərlə olan əmək müqaviləsinin uzadılması üçün müəyyən meyarlar var. Belə ki, öncə həmin müəllimin səhhəti tədris aparmağa imkan verməlidir. Bundan əlavə dərs yükü kifayət etməlidir ki, o və kolleqaları dərs yükü ilə təmin edilsinlər. Həmin müəllimin kollektivdə nüfuzu olmalıdır. Ən mühüm meyarlardan biri isə müəllimin diaqnostik qiymətləndirmədə qənaətbəxş nəticə göstərməsidir. Əgər yaş həddinə çatmış müəllim Diaqnostik Qiymətləndirmədə keçid balına yaxın nəticə göstərirsə, onunla əmək müqaviləsinin uzadılmasının məqsədə müvafiq olub-olmaması sualı ortaya çıxır”.

Qeyd edək ki, bu məsələ Təhsil Nazirliyinin 02.04.2018-ci il tarixli F-223 nömrəli əmri ilə həyata keçirilir. Əmrə əsasən, müvafiq qurumlar çalışmanın yaş həddinə çatmasına bir ay qalmış ixtisaslar üzrə müəllimlərin siyahısının hazırlanması, onlara bildirişlərin göndərilməsi və sənədlərin bir sıra meyarlar üzrə qiymətləndirilməsinə nəzarət edirlər.

Qanuna əsasən həmin meyarlar bunlardır:

-Ümumtəhsil müəssisəsində çalışma müddəti uzadılmış işçilərin sayı ümumi işçi sayının 2 %-dən çox olmamalıdır. İşçilərin sayı 100 nəfərdən az olduqda isə çalışma müddəti uzadılanların sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

-Fənn üzrə orta dərs yükü bir stavkadan az olmamalıdır;

-Fənn üzrə ixtisaslı pedaqoji kadrlar, əvəzetmə, müvəqqəti işə qəbul imkanları olmamalıdır;

-Təqaüd  yaşına çatmış müəllimin diaqnostik qiymətləndirmədə topladığı bal (ixtisas/metodika) əsas götürülür;

-Müəllimin fəaliyyət dövründəki nailiyyətləri, pedaqoji kollektivdə və valideynlər arasındakı nüfuzu da nəzərə alınır;

Təqaüd  yaşına çatmış müəllimlərlə müddətli əmək müqaviləsi dərs ilinin sonunadək bağlanmalıdır. Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Burada 65 yaşına çatmış işçinin çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq  uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları