Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 14:00:00
Ekspert 50 minə yaxın müəllimi narahat edən səbəbdən danışdı: “İmtahan üçün heç bir proqram və vəsait yoxdu”  

“Bu il MİQ imtahanlarında test tapşırıqları kurikulum dərsliklərindən salınacaq. Bu, yaxşı fikirdir. Çünki işə qəbul olunacaq müəllimlər dərsdə istifadə edəcəkləri kitablarla tanış olmalıdırlar. Amma hələ də kurikulum dərsliklərindəki mübahisəli, ziddiyyətli faktlar öz həllini tapmayıb”.

Bu sözləri AzEdu.az-a təhsil mütəxəssisi Kamran Əsədov bildirib. O, Müəllimlərin İşə Qəbulu imtahanları ilə bağlı 50 000-ə yaxın insanı narahat edən səbəbləri dilə gətirib:

“2018-ci il üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi başlayıb. Sənəd qəbulu isə 2-8 iyul 2018-ci il tarixlərində başa çatıb. İşə qəbul üçün 50 697 namizəd qeydiyyatdan keçsə də, onlarda 46 757-nin ərizəsi qəbul olunub. Ərizələri qəbul olmuş müəllimliyə namizədlər 16 iyundan başlayaraq, imtahanda iştirak edəcəklər. Amma 50 minə yaxın şəxsi narahat edən bəzi məqamlar var.

Bir məqam MİQ imtahanında sualların hansı kitablardan düşəcəyi ilə bağlıdır. Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu İnsan Resursları Mərkəzinin əməkdaşı canlı yayımda deyib ki, böyük ehtimalla bu il MİQ imtahanlarında test tapşırıqları kurikulum dərsliklərindən salınacaq. Yaxşı fikirdir. Çünki işə qəbul olunacaq müəllimlər dərsdə istifadə edəcəkləri kitablarla tanış olmalıdırlar. Amma hələ də kurikulum dərsliklərindəki mübahisəli, ziddiyyətli faktlar öz həllini tapmayıb”.

Ekspert tarix fənni üzrə kurikulum dərsliklərində olan çatışmazlıqlara aydınlıq gətirib:

“Bundan əlavə, kurikulum dərslikləri tam şəkildə çap olunmayıb. Məsələn, tarix fənni üzrə kurikulum dərslikləri 1800-ci ilə qədər əhatə olunub. Düzdür, 6-9-cu sinif kurikulum dərslikləri tam dövrü əhatə edir. Amma X və VI-IX sinif dərslikləri arasında ziddiyyətli, bir - birini inkar edən faktlar var.

Başqa bir məqam isə XI sinif kurikulum dərsliklərinin hələ də çap olunmaması ilə bağlıdır. Təhsil Nazirliyi isə müəllimliyə namizədlərə bu proqramı ənənəvi XI sinif kitabından oxumağı tövsiyə edir. Axı, ənənəvi XI sinif tarix kitabı 1918-2017-ci illəri əhatə edir. Bəs müəllimlər 1800-cü ildən 1918-ci ilə qədərki dövrü hardan oxusun?”

Onun sözlərinə görə, MİQ imtahanlarına testlər kurikulum dərsliklərinə əsasən salınsa da, sınaq imtahanlarında ənənəvi dərsliklərdən istifadə olunur:

“Bilirsiz ki, müvafiq qəbul imtahanlarına namizədlərin səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanı keçirilir.

Maraqlısı isə budur ki, TİPİİ-nin keçirdiyi MİQ sınaq imtahanlarında iştirakçılara təqdim olunan testlər kurikulum kitabları deyil, ənənəvi dərsliklər əsasında hazırlanmışdı.

İmtahanda iştirak edənlər bununla bağlı təşkilatçılara müraciət etsələr də, onlar belə olacağını bildiriblər. Necə olur ki, pul qazanmaq üçün ənənəvi dərsliklərdən test tapşırığı təqdim edirlər, amma qəbul imtahanını kurikulum dərsliklərindən keçirirlər?”

Ekspert lazımi proqram və vəsaitlərin olmamasını əsas gətirərək, MİQ imtahanlarını DİM-in keçirməsini təklif edib:

“Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında bu çatışmazlıqlar var:

Kurikulum, məntiq üzrə nə proqram, nə də vəsait var. Hərə müstəqil bir vəsait çap edib. Vahid kitabın olmaması iştirakçılarda fikir dağınıqlığı yaradır. İxtisaslar üzrə heç bir proqram, vəsait yoxdur.

DİM keçirdiyi bütün imtahanlarla bağlı öncədən proqram və vəsaitləri çap edir ki, imtahanda iştirak edənlərdə çaşqınlıq yaranmasın. Təklif edirəm ki, MİQ imtahanlarını da DİM keçirsin”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları