Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 14:36:50
“Bizdə tələbə evindən çıxmadan da universitet oxuya bilər” – Şərqşünasdan fərqli təklif

AzEdu.az tanımış ziyalılardan Azərbaycan təhsilinin bugünkü durumu, problem və perspektivləri barəsində münasibət öyrənməkdə, onların tövsiyə və təkliflərini ictimaiyyətə çatdırmaqda davam edir.

Bu dəfə tanınmış şərqşünas, dünyanın bir neçə ölkəsində Azərbaycanı araşdırmaçı və tərcüməçi kimi təmsil edən Nəriman Qasımoğlu sayta açıqlamasında bir neçə vacib təklif irəli sürüb.

Qurani Kərimin tərcüməçilərindən olan Nəriman Qasımoğlu həm də bir müddət ABŞ-ın Georgetown Universitetində araşdırmaçı kimi çalışıb. O, hazırda ADA Universitetində fəaliyyətini davam etdirir.

Nəriman Qasımoğlunun birinci təklifi elmə qoyulan kapital və onun KİV-lərdəki təbliğatı ilə bağlıdır: 

“Alimlərin maaşlarının və fundamental elmlərə kapital qoyuluşunun artırılmalıdır. Elmin inkişafının  ictimai fikrin tələbinə çevirmək istiqamətində KİV-lərdəki təbliğat gücləndirilməlidir”.

O, həm də  Azərbaycan təhsilinin inkişafı üçün təkliflər edib. Azərbaycanda Avropa təhsilini tətbiq edən universitetdən söz açıb:

“Hazırda ABŞ və Avropa ali təhsil müəssisələrindəki keyfiyyətin tətbiqi ADA Universitetində baş verir. Təklif edirəm ki, ADA Universitetini nümunə kimi götürüb, onun təcrübəsini ölkənin digər ali təhsil ocaqlarında da tətbiq etməkdir. ADA-da dərs dediyim üçün bu fikirləri səsləndirirəm. ADA dünya təcrübəsini tətbiq etməyə çalışır və buna nail də olur”.

Azərbaycanda distant təhsilin tanınmasının tərəfdarı olan Nəriman Qasımoğlu onun üstünlüklərindən söz açıb:

“Distance learning” - yəni məsafəli təhsili də təklif kimi səsləndirmək istəyirəm. Mənası budur ki, bölgədə yaşayan hər hansı gənc Bakıdakı universitetlərin birinə daxil olur. Amma təhsilini evindən çıxmayaraq elektron əlaqə vasitəsilə də ala bilir. Bu metod Harvard Universitetində tətbiq edilir. Bakılı bir gənc Harvarddın diplomunu -Bakıda yaşayaraq əldə edə bilir. Belə təhsilin səviyyəsi heç də aşağı olmur, çünki standartlar kifayət qədər yüksək olur. Tələbə evindən çıxmasa da çox məşğul olur ki, tələbləri ödəyə bilsin. Bunu  Azərbaycanda da tətbiq etmək olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları