Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 17:05:00
Peşə təhsili üzrə teledərslərin yayımından bir il ötür  

 30 mart 2020-ci il tarixindən etibarən peşə təhsili pilləsi üzrə teledərslərin yayımına start verilib.

 

AzEdu.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində ümumilikdə 8 baza və 23 ixtisas üzrə 300-dək video dərsin çəkilişi həyata keçirilib. Bir il ərzində həftədə iki dəfə telekanallarda yayımlanan dərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə, eyni zamanda dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib.

 

Peşə dərslərinin teledərs formatında yayımlanması bilavasitə tədrisin əhatəliliyinin artırılmasına dəstək verməkdədir. Hazırda həftənin 2 günü “ARB Günəş” telekanalında yayımlanan peşə teledərslərinə ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" kanalı və videodərs portalından (https://video.edu.az/vocational-school) izləyə bilərlər.

 

Qeyd edək ki, son bir il ərzində yayımlanan teledərslərin bir qisminin hazırlanması prosesinə müvafiq olaraq Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti maliyyə və təşkilati dəstək göstərib.