Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 09:24:00
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin açılışı olub

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsi istiqamətində 5,6 milyon avro dəyərində yeni layihənin onlayn açılışını keçirib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi dördillik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsində agentliyə dəstək olacaq.

 

Açılışda çıxış edən təhsil naziri Emin Əmrullayev gələcək tələblərə cavab verən bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, peşə təhsili iqtisadiyyatın gələcəyi baxımından, həmçinin əmək bazarı, təhsil təminatı və iqtisadiyyat arasında məqsədyönlü əlaqənin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Nazir bildirib ki, məhz bacarıqlar və səriştələr növbəti illərdə iqtisadiyyatımızın dayanıqlı və rəqabətədavamlı inkişafını təmin edən məsələlərdən olmalıdır.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas diqqətə çatdırıb ki, peşə təhsili və təlimi üzrə layihə Azərbaycanda insan kapitalı üçün əsaslı sərmayədir: “Azərbaycan gəncləri və onların valideynlərinin ölkədə peşə təhsili və təlimini son çarə kimi deyil, həyati bacarıqları, gələcəkdə yaxşı iş və layiqli həyat təmin edəcək fürsət olaraq görmələri üçün çalışırıq. Keyfiyyətli peşə təhsili iqtisadi böyümə və rəqabətə davamlı iş mühiti üçün əsas təşviqedici amillərdən biridir”.

 

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, layihə innovasiya və rəqəmsallaşdırmanın tətbiqi, dayanıqlı və gələcək bacarıq üzrə konsepsiyaların inteqrasiyası, layihə üzrə seçilmiş yeddi peşə təhsili müəssisəsi üçün avadanlıq və infrastrukturun müasirləşdirilməsi, eləcə də peşə təhsili müəssisələrinin şəbəkələşdirilməsi və potensialının artırılması sahələrində fəaliyyət göstərəcək. Layihə ilə ölkə daxilində 3 mindən çox şəxs peşə təhsili müəssisələrinin müasirləşdirilməsindən birbaşa faydalanacaq. Keyfiyyətli təhsilin təmin edilməsi gələcəyin işlərinə Azərbaycanın bacarıqlı gənclərini hazırlayacaq, eləcə də hər kəs üçün keyfiyyətli təhsil imkanlarını təbliğ edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək.

 

Qeyd edək ki, layihə Avropa İttifaqının “Məşğulluq üçün Təhsil” Proqramı çərçivəsində tam maliyyələşdirilir və 2024-cü ildə başa çatacaq.