Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-01 11:06:00
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri”  layihəsinə - Böyük insan haqqında

 

 

 

 

“Tarixdə qalmaq üçün, hər şeydən əvvəl, insanların qəlbində, xatirələrində yaşamaq lazımdır…”

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri”  layihəsi çərçivəsində Azərbaycanın bu tarixi və əzəli torpaqlarında doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış simalar barədə məlumatların təqdim edilməsi, şanlı ordumuzun qələbələri fonunda onların bir daha ehtiramla yad edilməsi və gənc nəslə tanıtması baxımından son dərəcə sevindirici və qürurverici bir aksiyadır. Nə xoş ki, belə insanların xatirəsi həmişə əziz tutulub və bu gün də xusisi olaraq tutulmaqdadır.

 

Artıq, təqdim olunan Əbddürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli ilə yanaşı, belə məşhur simalardan biri də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuş, ali məktəbi bitirdikdən sonra Füzuli şəhərində sıravi müəllim kimi pedaqoji fəaliyyətə başlamış, bitirdiyi Azərbaycan Dövlət Pedaqojı İnstitutunda assistentlikdən tutmuş, dosent, kafedra müdiri, dekan, professor, prorektor və rektor kimi məsul vəzifələrdə çalışmış, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, yüksək dövlət mükafatları, orden və medalları ilə təltif edilmiş, dəfələrlə Ali Sovetə deputat seçilmiş, nə az, nə çox,  23 il  Azərbaycan maarifinə rəhbərlik etmiş akademik Mehdi Mehdizadə idi.

 

Azərbaycanda təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr vermişdir. Onun “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə”, “Azərbaycan xalq maarifinin sürətli inkişafı”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” monoqrafiyası və yüzdən artıq məqaləsi Azərbaycan pedaqogika elminin inkişafında sanballı yer tutur. Azərbaycan müəllimlərinin qurultaylarının üçünün (VII, VIII və IX) keçirilməsi Mehdi Mehdizadənin Xalq Maarifi komissarı və Xalq Maarifi naziri olduğu illərə təsadüf edir. Həmin qurultaylar nazir və alim kimi onun pedaqoji sahədə dərin bilik və təhlil qabiliyyətini bir daha sübuta yetirir.

 

Təhsilimizin korifeyi akademiki Mehdizadə haqqında “Mehdizadə çox halal insan idi”, “Mehdizadə çox əməli-saleh insan idi”, “Mehdizadə son dərəcə xeyirxah insan idi” , “Mehdizadə əsl xalq adamı idi” , ” Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi” və s. bu kimi sözləri onunla təmasda olan hər kəsdən eşitmişik, həm sağlığında, həm də dünyasını dəyışdikdən sonra. Xalqın əsl məhəbbətini qazanmış düha haqqında bu sözlər Mehdizadə kimi nəhəngin şəxsiyyət biçiminə yaraşır. Məhz bu keyfiyyətlərinə görə hamı onu indi də “ziyalılıq etalonu” sayır. Çünki, onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi.

 

Bu gün təhsildə demokratikləşmənin, humanistləşmənin, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzəri irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Mənəviyyata söykənən bu keyfiyyətlərsiz isə heç şübhəsiz ki, təhsil sahəsində aparılan istənilən islahatlar elə də bir mahiyyət və əhəmiyyət kəsb etməyəcək.

 

Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı. SSRİ xalq rəssamı, Rəssamlıq Akademiyasnın həqiqi üzvü Mikayıl Abdullayev, bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov, akademik Budaq Budaqov, akademik Fuad Qasımzadə və adlarını sadalamqla bitməyən digər ziyalılarımızn xatirələrı insanda fərəh hissi oyadır. Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan.

Onlarla təhsil mütəxəssisinin yetişməsində, o cümlədən  elə mənim özümün də pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə inam və ümid bəsləməyimdə və təhsil işçilərinə hədsiz rəğbət göstərməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub. Mehdi müəllim  özünü kimdənsə üstün tutmaz, yaxud nazir olduğunu kiməsə biruzə verməzdi.  Özüm bilavasitə şahidi idim ki, İttifaq miqyaslı elm və təhsil “nəhəngləri” Prokofyev, Babanski, Xripkova və bir çox digərləri mötəbər tədbirlərdə zala daxil olarkən hörmət və ehtiram əlaməti olaraq, ona necə yol verirdilər. Bu nüfuzu, bu hörməti Mehdi müəllim məhz sadəliyi və təvazökarlığı, səmimiliyi və alicənablığı ilə qazanmışdı.

 

 

 

Mənə də akademiklə ünsiyyət və təmasda olmaq xoşbəxtliyi nəsib olduğundan demək olar ki, hər il onun doğum və anım günlərində bu xeyirxah və fəzilətli insanın məzarını ziyarət edir, onu hörmət və ehtiramla yad edirəm. Akademiklə ilk tanışlığım ötən əsrin 70-ci illərinin sonlarına təsadüf edir. O zaman pedaqoji stajımın 5 illik müddətinin tamamı üçün 6 aylıq çatışmazlığa görə məni işlədiyim məktəbə direktor təyin etməmiş,  gülümsəyərək, nə yaşın var ki, sənin, get çalış, həyata alış, nəzərimiz üstündə olacaq – demişdi. Raykomun I katibini israrlı xahişinə isə-mən təlimatı poza bilmərəm cavabını vermişdi. Düzdür,  bir balaca incidim… getdim və bir neçə il sonra Təhsil Şöbəsinin müdiri oldum, seçdiyim fəaliyyət yolu ilə irəliləməkdə davam etdim.

                                                                                            

Mehdi müəllimlə bağlı xatirələrim çoxdur və zaman-zaman onları ayrı-ayrı mətbuat səhifələrində paylaşmış və hətta bir kitabım da işıq üzü görüb.  Əlbəttə, bu parlaq şəxsiyyət haqqında söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyət tələb etdiyindən fikirlərimi konkretləşdirib  təkcə onu əlavə etmək istərdim ki, onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi müəllim olub, nə yaxşı cəmiyyətimiz bu cür  örnək insanlardan xali deyil. Akademik M. Mehdizadənin təhsilimiz üçün kim olduğu görkəmli pedaqoqumuz, uzun illər onunla çiyin-çiyinə çalışmış, xeyli müddət  Respublika Təhsil Şurasına rəhbərlik etmiş mərhum professorumuz Əjdər Ağayevin bir ümumiləşdirilməsində çox dəqiq və sərrast ifadə edilib: "Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə, akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi."

 

Bu, o qədər də böyük olmayan xatirə xarakterli yazını bölüşməkdə məqsədim, əsrin 4/1- qədər Azərbaycan maarifinə rəhbərlik edən, təhsilimizin, elmimizin inkişafında əvəzsiz rolu olan, təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradan görkəmli alim, pedaqoq, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, təmənnasız, millətsevər, xalqına bağlı  bir insanın – Nobel mükafatı laureatı İosif Brodskinin təbirincə desək“həyatı bir hekayəyə sığmayan” akademik Mehdi Mehdizadə və onun kimi digər təhsil fədailərinin şərəfli həyat yoluna işıq salmaq təşəbbüsündə bulunan Təhsil Nazirliyi və bu layihənin tarixi simalarını ardıcıllıqla təqdim edən “Azərbaycan müəllimi qəzeti və AzEdu. az portalının bu nəcib təşəbbüsünün hər çür təqdirə və təşəkkürə layiq olduğunu xususi olaraq vurğulamaqdır...

 

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini

.