Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 14:29:00
İranın tibb, Pakistanın fizika elminə yeniliklər gətirən, sahələrinin nadir mütəxəssisləri sayılan Azərbaycan alimləri

AzEdu.az İranın tibb,  Pakistanın isə fizika elmini inkişaf etdirən alimlərimiz - Hüseynəli İsmayılov və Mais Süleymanov haqqında yazını təqdim edir:

Süleymanov Mais  1953-cü ildə  Bakı şəhərində anadan olmuşdur. Orta təhsildən BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1975-ci ildən Moskvanın  Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında əmək fəaliyyətinə başlayıb. 1980-cı ildə BNTİ-də fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edən Süleymanov 2001-2003-cü illərdə Çex Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda, 2003-2006-cı illərdə isə yenidən BNTİ-də tədqiqatçı-alim kimi çalışıb.

Azərbaycanlı alim yüksək enerji fizikası, ultra-relyativistik ağır ion fizikası sahəsində işləyən azsaylı alimlərdən biridir. BNTİ-nin NİÇA, Avropa Nüvə Tədqiqatları Mərkəzinin (ANTM) ALİCE, Almaniyanın PANDA GSİ və digər elmi təşkilatların üzvüdür.

2014-cü ildən Pakistan İslam Respublikasının COMSATS İnformasiya Texnologiyası İnstitutundan (CİİT) iş dəvəti alan Mais Süleymanov hazırda, həmin müəssisənin Fizika fakültəsinin professoru və  Akademik Şurasının üzvüdür.

Alimin rəhbərliyi ilə 3 nəfər BNTİ-də, 5 nəfər isə CİİT-də fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. O, 237 elmi məqalənin müəllifidir. Elmi işlərinin ümumi impakt faktoru 200 civarındadır.

Səmərəli elmi fəaliyyətinə görə  Mais Süleymanov 2008-ci ildə Rusiya Elmlər Akademiyasının diplom və mükafatı ilə təltif edilib.

İsmayılov Hüseynəli 1961-ci ildə Borçalı mahalının Qızılkilsə kəndində dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Tibb İnstitutunun cərrahiyyə fakültəsini bitirib. Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, əslən Azərbaycanın Qusar rayonundan olan akademik Q.İlizarovun “Bərpa travmatologiyası və ortopediyası” elmi mərkəzində başlayıb.

1992-ci ildə artıq kifayət qədər məşhurlaşan Hüseynəli İsmayılov  “Baldır və pəncənin deformasiyasının qaydaya salınması” mövzusunda məruzə etmək üçün ABŞ-a dəvət edilib. Onun məruzəsini diqqətlə dinləyib, çəkilmiş videoyazıları dönə-dönə nəzərdən keçirən amerikalı cərrahlar başlarını yelləyərək pəncə, baldır, barmaq və düz sümüklərdə iltihab prosesinin qarşısının bu qədər asanlıqla alınmasının, sümüklərin uzadılmasının və sümük əyriliklərinin düzəldilməsinin qeyri-mümkün olduğunu, bunların sadəcə kompyuterdə hazırlandığını bildirmişlər. Lakin amerikalı cərrahlar Kurqan şəhərinə dəvət edildikdən və orada İlizarov metodu ilə həyata keçirilən cərrahi əməliyyatları öz gözləri ilə gördükdən sonra heyrətlərini gizlədə bilməmiş, bu istedadlı Azərbaycan oğlunun "möcüzəni gerçəkliyə çevirən bir cərrah" olduğunu yekdilliklə etiraf etmişlər.

Çox keçmir ki, Rusiyanın görkəmli cərrahlarından ibarət böyük bir nümayəndə heyəti İngiltərəyə dəvət olunur. Hüseynəli İsmayılovun da daxil olduğu həkimlər qrupunun məqsədi həmin ölkə xəstəxanalarında travmatoloji şöbələrin fəaliyyəti ilə tanış olub, onlarla təcrübə mübadiləsi aparmaq idi.

O vaxt "Medisinskaya qazeta" yazırdı: "...Böyük Britaniyanın tibb mərkəzlərinin travmatoloji şöbələrdə gördükləri lövhəciklər, bolt və şruplar hələ də tətbiqi həkimlərimizi heyrətə gətirdi. Sən demə, o vaxtadək nə İngiltərənin, nə də digər Qərb ölkələri həkimlərinin İlizarov cihazının mövcudluğu barədə məlumat yox idi”.

Hüseynəli İsmayılovun müasir travmatologiya və ortopediya haqqındakı məruzəsi ingilis cərrahları tərəfindən böyük maraqla qarşılandı və doktor İsmayılov tərəfindən təkmilləşdirilmiş bu cihaz onları heyrətdə qoydu. İstedadlı cərrah 2001-ci ildə Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə bir ay London, Oberqin, Şeffild və Birminqem şəhərlərində, iki ay isə Şotlandiyada qalaraq, bir sıra uğurlu cərrahi əməliyyatlar aparıb.

1993-cü ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən İsmayılov İlizarovun davamçıları arasında digər əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir. 2002-ci ildə uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunan məşhur azərbaycanlı həkim hazırda Tehranın "Milad" dövlət klinikasinda çalışir.

Hüseynəli .İsmayılov travmatologiya və ortopediya sahəsində 50-dən çox yeni texniki model işləyib hazırlayıb. O, ilk fəaliyyət meydanı olan Rusiyanın Kurqan şəhərində 2000-dən, İngiltərədə 30-dan, İranda isə 6000 nəfərdən artıq xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları aparıb.

Görkəmli alim anadangəlmə və sonradan yaranmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş yüzlərlə elmi məqalənin, 3 monoqrafiyanın, 16 dərsliyin, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun bütün elmi ixtiraları və səmərələşdirici təklifləri dünyanın əksər ölkələrində travmatoloq-ortopedlər və plastik cərrahlar tərəfindən uğurla tətbiq olunmaqdadır. Alimin əl və ayaq xəstəliklərinin, sınıqlarının müalicəsində və bərpasında uğurla tətbiq olunan son elmi ixtirası Yaponiyada patent alıb. Azərbaycanlı alim-cərrah həmçinin Rusiyanın "Alfred Nobel" və "Vernadski" qızıl medallarına layiq görülüb. Saysız-hesabsız mükafat və təltifləri vardır. Dünyanın bir neçə məşhur akademiya və tibb cəmiyyətlərinin üzvüdür.