Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-06 15:26:00
STEAM bir təhsil trendi kimi - Şəmil Sadıq yazır

STEM konstruktor tipli oyuncaqlarla qurulan bir oyun deyil, elmin dərinliklərini riyazi təfəkkürlə dərk etməkdir, komanda işidir, görüb, toxunub, edib öyrənməkdir.

 

Mənə görə, STEM-ə bir təhsil fəlsəfəsi kimi baxılmalıdır, nəinki bir proqram kimi... Çünki 5 illik araşdırmalarımda gördüm ki, bu sahədə heç bir dəqiq standart yoxdur və bu termini hər bir ölkə və ya məktəbin kurikulumunu yazanlar öz istədiyi kimi başa düşür. Bu, 2012-ci ildə Amerikada eks-prezident Obama tərəfindən ölkənin gələcək mühəndis ehtiyaclarını qarşılamaq üçün ortaya atılan bir konseptdir. Çünki dünya artıq dərk etməkdədir ki, bəşəriyyətin inkişafının ana sütunu mühəndislərdir. Hətta dünyanın fövqəltəbii dövləti olan Amerika da anlayır ki, rəqibləri güclənir, yəni ölkəyə beyin axını cəlb etməklə onun siyasətini davam edərək onu öz silahları ilə vura bilərlər. Buna görə də Amerikanın özü bu mühəndisləri yetişdirməlidir ki, bir gün bu axının qarşısı kəsilsə, çətin duruma düşməsin. Bu düşüncə bizə gülməli gələ bilər, amma daim uzaqgörən siyasət yürüdən Amerika yenə bunu dərk etməkdədir. Çünki iqtisadi gücdə Amerika ilə ayaqlaşan böyük Çin var... Artıq biz müasir texnologiyada Çin-Amerika arasında soyuq müharibənin şahidiyik...

...Mən bir STEM liseyinin qurucusuyam. Bu termini eşidən, azdan-çoxdan tanış olan valideynlərimizin təqdirini və etimadını qazandıq ki, övladlarını bizə əmanət etdilər. Lakin hər dəfə verilən sual bu olur ki, bizim uşaqlar nə vaxt STEM keçəcək, yəni robot quracaq, kodlaşdırma ilə məşğul olacaq? Əslində isə STEM yanaşması bütün dərslərdə özünü göstərir və inteqrativ dərslərlə bu proses həyata keçirilir. Yanlış reklamın nəticəsidir ki, valideynlərimiz də, bəzən bu sahə ilə məşğul olanlar da zənn edirlər ki, övladları bir butulka qapağını təkər etməklə, kağızdan pər düzəltməklə, hazır robotlar düzəldib idarə etməklə STEM-çi olacaqlar. STEM kəlməsi bizi məcbur edir ki, bütün fənlərə konseptual baxaq, onu tam olaraq dərk edək.

 

Riyaziyyatsız robotu, elmsiz vertolyotu, yaradıcılıqsız maşını, texnologiyasız həyatı qəbul etməyək. STEM terminini yaradanlar sonradan bu kəlmədə sənətin olmadığının fərqinə varıb, bir A da əlavə etdilər ki, bu da “Art” – “Sənət” deməkdir. Bir müddətdən sonra kimsə bura İ – “İnformasiya”, bir ədəbiyyatçı da çıxıb S – “Sosial” kəlməsini də əlavə etsə, olacaq İSTEAMS – Information, Sience, Technology, Engineering, Art, Mathematice, Sosial... Deməli, mənəviyyatsız mühəndisin, informasiyasız texnoloqun, zövqsüz konstuktorun, asosial riyaziyyatçının bu dünyaya faydası çox az olar, bəlkə də, bəşəriyyətə olacaq, amma özünə heç vaxt xeyri olmayacaq. Axı hər kəs bilməlidir ki, hər şey reklam edildiyi və sərgiləndiyi qədər asan deyil. Övladının robot düzəltməyini gözləyən valideyn əmin olmalıdır ki, bunun üçün nəzəri və praktiki bilgi əsas şərtdir.

Şəmil Sadıq, "İnsan mühəndisliyi" kitabından