Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 10:53:00
Alimlər Hirkan Milli Parkında monitorinq aparıblar  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, həmin institutun herbari və toxumçuluq, efir yağlı bitkilər və dendroxronologiya laboratoriyalarının əməkdaşları Lənkəran-Astara bölgələrində ekspedisiyada olublar.

AMEA-dan AzEdu.az-a bildirilib ki, alimlər Hirkan Milli Parkının təbii və mədəni dendroflorasının monitorinqini aparıblar. Həmçinin dron vasitəsilə Hirkan florasının geobotaniki təsvirinin 100-400 metr yüksəklikdə çəkilişi aparılıb.

Ekspedisiya zamanı institutun əməkdaşları tərəfindən dərman əhəmiyyətli bitkilərin təbii ehtiyatları təyin edilib. Hirkan Milli Parkında olan çoxillik ağacların yaşını dendroxronoloji tədqiqatlarla təyin etmək məqsədilə nümunələr götürülüb. Ümumilikdə 70 növdən ibarət 450 herbari nümunəsi toplanılıb.

Qeyd edək ki, bu ərazidə dəmir ağac, qızıl ağac, Hirkan qovağı, Hirkan şümşadı, Hirkan ağcaqayını, Hirkan ənciri, Qafqaz xurması və s. növlərin təbii yayılma arealları aşkarlanıb.