Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 20:45:00
“Şərqdə ilk demokratik respublika” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb  

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Şərqdə ilk demokratik respublika” esse müsabiqəsi başa çatıb. Müsabiqə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin layihəsi əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU bölməsinin və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçirilib.

ADPU-dan AzEdu.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən rektor Cəfər Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz və ictimai-siyasi fikir tariximizdə mühüm yer tutduğunu deyib. Rektor bildirib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub, gücləndirib, əmin-amanlığı, sabitliyi təmin edib və ölkəmizi inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyev ölkəmizin yeni beynəlxalq çağırışlara uyğun inkişaf etməsini uğurla həyata keçirir. Bu esse müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir. Belə müsabiqələr tələbələrin yaradıcılıq istedadlarının aşkarlanmasına və onların yazılı nitq mədəniyyətlərinin inkişafına müsbət təsir göstərir.

Mərkəzin mütəxəssisi, layihənin rəhbəri Sahilə Nəcəfova vurğulayıb ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, onları tariximizi dərindən öyrənməyə sövq etmək olub.

Esse komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva müsabiqənin keçirilmə qaydaları barədə məlumat verib. O, müsabiqədə tələbələrin yaradıcılığının əsas meyar kimi qəbul edildiyi bildirib.

Qeyd edilib ki, esse müsabiqəsində birinci yerə riyaziyyat və informatika fakültəsinin birinci tədris ilinin 101-ci qrup tələbəsi Aysel Soltanova, ikinci yerə filologiya fakültəsinin üçüncü tədris ilinin 305-ci qrup tələbəsi Firuzə Həsənova, üçüncü yerə isə ibtidai təhsil fakültəsinin III tədris ilinin 304-cü qrup tələbəsi Aliyə Soltanova layiq görülüb.

Sonra qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.