https://www.zirve.edu.az/
26.02.2020 09:25
Qəddarlıqla öldürülən şagirdi ilə Bakıda “rastlaşan” Xocalı müəllimi: “Dərs zamanı raket atıldı və...”

“Faciədən sonra qardaşımdan xəbər almağa getmişdim. Təsəvvür edin, Xocalıda atamı, qohumlarımı itirmişəm, anamla qarlı meşədə güllə yağışından sağ qurtulmuşam, qardaşımdan isə hələ də xəbər yoxdur...Yalnız, tükənmiş, qəribsəmiş... Elə çarəsiz vəziyyətdə idim ki... Daşın üstündə oturub, başımı aşağı dikib fikirləşirdim. Bir də gördüm, qarşımda bir cüt ayaq dayandı. Başımı qaldırdım.Şagirdim Əhməd idi. O da ailə üzvlərini axtarırdı. Üzümə baxıb, dedi: “müəllimə, siz kimdən xəbər gözləyirsiz?”

O, məni bugünəcən ancaq sinifdə görmüşdü. Müəllimini belə aciz, çarəsiz vəziyyətdə görməsini heç istəməzdim”.

Keçmiş Xocalı 1 saylı orta məktəbinin Rus dili müəllimi NaziləMəmişovadan faciə ilə bağlı yaşantılarını soruşuruq. Dərindən nəfəs alır... 

Və nədənsə, AzEdu.az-a müsahibəsinə həmin ağrılı hekayəyə bu epizoddan bəhs etməklə başlayır. Bəlkə də, bu epizodda bütün itirdiklərini tapır. Məşhur amerikan filmlərində döyüşdən sonrakı səhnələrə bənzəsə də, özündə o qədər böyük faciəni daşıyır ki...

Kadrdan  filmə

“1986-cı ildən Xocalı məktəbində müəllim işləmişəm. O zaman Xocalıda artıq vəziyyət gərginləşməyə başlamışdı. Dağlıq Qarabağda ermənilər baş qaldırmış,  Ermənistanla birləşmək istəyirdilər. Həmin gərgin dövrdə müəllimlik fəaliyyətimə başladım. Çox çətin idi. Amma düzünü desəm, belə vaxtda şagirdlərin də mənə az ehtiyacı yox idi.

Təsəvvür edin, müəllim həmkarlarım hər biri postda idi. Silah az olduğuna görə hamıya çatmırdı. Amma silahsız da olsa, uşaqlı, qocalı hər kəs postlara qaçırdı. O vaxtlar mənim bir uşağım vardı. Həm də hamilə olduğuma görə posta yaxın buraxmadılar”.

Yaşıldan qaraya – Rəngini dəyişən Xocalı məktəbi

“Xocalı məktəbi deyəndə gözümün önünə geniş, yaşıl həyəti olan  bir məktəb gəlir... Zəng səsi bulağın şırıltısına qarışıb... Məktəb mərkəzi yolun sağında yerləşirdi, yanında bulaq vardı. Çoxlu meyvə ağacları həyətinə kölgə salardı. Otaqlar, laboratoriya, linqofon kabineti, emalatxana, geniş meydança-hər şey vardı. Yanında bizim üçün yeni məktəb binası tikilirdi. Bir müddət sonra dərslərimizi orada – daha geniş, müasir otaqlarda deyəcəkdik. Nələri ümid edirdik, nələr yaşadıq...

Ora işlədiyim ilk məktəb idi. Həmişə xatirələrimə sadiq qalmağa çalışmışam. Amma elə bil, faciə yaddaşımdan özündən əvvəlki çox şeyi silib. Orada xoş günlərimiz də çox olub.  Unuda bilmədiyim, yoxluğu ilə hələ də barışa bilmədiyim şagirdlərim var. Ən əsası, həmin məktəbi unuda bilmirəm... Bir günün içində rəngini dəyişən – yaşıldan qaraya çevrilən məktəbi...

Nazilə xanım hazırda Goranboyda yerləşən Xocalı məktəbində müəllimlik edir. Deyir ki, indi dərs dediyi uşaqlar faciədən sağ qurtula bilən şagirdlərinin övladlarıdır.

Daha bir yaşantı – Yaxud, növbəti kadr

“Xocalıdan gəlib, əvvəlcə Naftalanda məskunlaşdıq. Sonradan Goranboya köçdük. Keçmiş Xocalı məktəbində Aydın adlı şagirdim vardı; aşağı siniflərdən birində oxuyurdu. Anasının kürəyində olanda güllə yarası almış, meşədə sağ qalmaq uğrunda mübarizə apararkən şəhid olmuşdu.

Günlərin birində indi işlədiyim Xocalı məktəbində bir şagird gördüm. Elə bildim ki, həmin uşaqdır. Çaşıb qaldım. Özümü toparlayıb, yaxınlaşdım. Sən demə,Aydının qardaşı imiş. Bir-birilərinə necə də bənzəyirdilər... Həmin an itirdiyim bütün şagirdlərimi xatırladım. Faciənin stressini ikinci dəfə yaşadım. Hər şey gözümün önündən keçdi.

Bilirsiz, bəzən, hər şey elə dözülməz olur ki... Bu qədər yükü daşımaq olmur”.

Böyük faciənin carçısı - ilk atəş

KADRARXASI - Nazilə müəllim söhbətin bu yerində göz yaşlarına hakim ola bilmir. Bu qədər şey yaşayıb, soyuqqanlı olmaq mümkün də deyil... Ona yenidən eyni acıları xatırlatmaq məcburiyyətində qaldıq: yaddaşında iz qoyan həmin gecədən danışmasını rica etdik:

Sözlər susanda...

“Bu barədə danışmaq mənim üçün çox çətindir. Evimiz ermənilərin yaşadıqları ərazilərlə təmasda yerləşirdi. Noragil kəndi var idi; oradakı camaat artıq evlərdə deyil, postlarda dururdular. Kişilər çöldə keşik çəkir, bizi eşiyə çıxmağa qoymurdular. BibimgilAğdam şose yolunun kənarında olurdu, biz gəlib onlarda yerləşdik. Qızım hələ yaş yarımlıq idi. Onu körpə ikən itirmək qorxusu elə dəhşətli idi ki... Hər axşam raket atırdılar.

Saat 11-in yarısı olsa da, hər kəsin yuxusu ərşə çəkilmişdi. İşıq, qaz kəsilmişdi. Acınacaqlı vəziyyət idi. Yerimizə girmişdik ki, yataq. Qəfil nəsə atdılar. Rəhmətlik atam II Dünya Müharibəsi iştirakçısı olmuşdu. Yerindən dik atıldı. Bir anlıq duruxdu... Və sonra... Dedi ki, “bu xına artıq o xınadan deyil”.

Sən demə, Xocalı mühasirəyə alınıbmış. Postda duranların artıq bundan xəbəri olsa da, bizi qorxutmamaq üçün qadınlara məlumat verməyiblər.

Hər şey o atəşdən sonra başladı. Bir xaos yaşandı ki, dəhşət... Hərdən istəyirəm, yaşadıqlarımı - meşə içi ilə addımlayanda hiss etdiklərimi deyim. Amma söz tapıb hisslərimi ifadə edə bilmirəm. İnsanlığın aciz qaldığı yerdə söz nədir ki?

Artıq ermənilər yuxarı postları tutmuşdular. Məcburən,hamı Qarqar çayını keçib meşələrə üz tutdu. Gözüm şagirdlərimi gəzsə də tapa bilmirdim. Ana balanı tapmırdı. Hamı pərən-pərən düşmüşdü”.

Xocalı məktəbində bir gün – Dəhşətdən əvvələ “səyahət”

“İnanın, sizin üçün oraları təsvir edə bilmərəm. Xocalının ab-havası bambaşqa idi. Amma hadisələr başlanandan hamıda bir gərginlik duyulurdu. Heç kimin inanmağı gəlmirdi ki, Xocalı əlimizdən çıxar.

Göydə raketlər atılırdı. Biz isə o vəziyyətdə dərs keçirdik. Hay-küy qopanda şagirdləri məktəbin zirzəmisinə yığırdıq. Xocalı neçə gün mühasirədə qaldı. Ölkə ilə əlaqəmiz kəsilmişdi. Yollarda maşınları qabağını kəsib,insanları qırırdılar.

Yadımdadır, həyat yoldaşım və qardaşım Laçından gəlirdilər. Xankəndinin aşağısında bir maşın dayanıb, yolu kəsmiş, avtomatı çıxarıb,maşına çiləmişdi. Xoşbəxtlikdən, həmin gün Allah onları mənə bağışladı. Günü sadəcə maşına dəyən ziyanla ötüşdürə bildik. Bizim şagirdlər bu hadisənin neçə qatının əvəzini sonradan onlardan çıxa bildi”.

“Film” içində “film” – “Son işıq axtarışında”

“Hələ də sağ qaldığını düşünür, haradasa məni axtardığına ümid edirəm”

Nazilə xanım dəfələrlə bir gecədə itirdiyi, bir daha üzünü görmədiyi yaxınlarını sayıb. Bu qənaətə gəlib ki, qeyd edilən rəqəmlər Xocalı qurbanlarının sayı qarşısında aciz qalır:

“Bilirsiz, ovaxtlar xeyli mesxeti türkləri gəlib, Xocalıda yerləşmişdilər. Son illər oranı genişləndirirdilər. Əhalinin sayı artmışdı.

Hadisələrdə X sinif şagirdlərimin üçü şəhid oldu. Neçə müəllim həmkarımı itirdim. Xeyli iş yoldaşımdan hələ də xəbər yoxdur. Atamı itirdim. İlk dəfə atəş açılanda eşiyə çıxdı, bir daha qayıtmadı. Qardaşımdan hələ də ümidlə xəbər gözləyirəm. Təsəvvür edirsiniz? Hələ də sağ qaldığını düşünür, haradasa məni axtardığına ümid edirəm. Anamgil tərəfdən təkcə anam sağ çıxa bildi. O da 5 il sonra bu dərdə dözməyib, dünyasını dəyişdi. Öz torpağında hüzurla dəfn edilmək qisməti olmadı”.

Yenə həmin “kadrlar”.... Məktəbin “rəng dəyişməsi”.... Qaranın qaranlıq dərsi... Sınıq şüşələr, gurultu... Və...  O məktəbdə bir də dərs keçilmədi

“Qədim Xocalı məktəbini sonuncu dəfə necəgörmüşdünüz?”- sualına  Nazilə xanım belə cavab verir:

“Dərs keçirdim. “QRAD” raketlər atıldı. Biri gəlib,düz məktəbin yanına düşdü. Pəncərə şüşələri sındı, uşaqlar vahimələndi. Tələsik şagirdləri zirzəmiyə yığdıq. Məktəb sonuncu dəfə sınıq şüşələr, gurultu, uşaqların qışqırığı ilə yadımda qalıb”.

İtən xatirələr- Ümid fotoları

Nazilə müəllim dərs dediyi IX siniflərə söz verir ki, buraxılış imtahanında yaxşı nəticə göstərsələr, onları gəzintiyə aparacaq. Sözünü tutmaq nəsib olur. Amma arzudan da arzu doğur...

“O vaxt Əsgərandan keçmək olmurdu. Şagirdləri Şəki xan sarayına apara bildik. Orada xeyli şəkil çəkdirdik. O vaxt şəkil çəkdirmək asan iş deyildi, bu fürsət hər vaxt ələ düşməzdi. Şagirdlərimdən biri Xocalı poçtunun yaxınlığında yaşayırdı. Bir gün sevincək gəldi ki, “müəllim, bizim şəkillərdən xəbər var. Poçtla göndəriblər, onları nə edim?” Dedim ki, sən o şəkilləri saxla, yeni məktəbə yığışanda hər birini sizə paylayacam.

Bu hadisə birdən yadıma düşdü. Ovaxtlar necə də ümidli idik... Elə bilirdik ki, işlər yolunda gedəcək. Lakin... O şəkillər paylanmadı... Heç üzünü də görmədik...”

Dünya malında gözü olmayan Nazilə xanım həmin gecə Xocalı ilə vidalaşanda özüylə yalnız yaş yarımlıq qızının paltarları və şəxsi fotoalbomunu götürür. Meşədən sağ qurtulandan sonra Bakıdan Aqil Quliyevin dəstəsi köməyə gəlir. Onun döyüşçülərindən biri taqətsiz, yeriməkdə çətinlik çəkən xanımı görüb jest edir. Kömək məqsədilə çantasını daşımaq üçün ondan razılıq alır. Ailəsindən kimlərin sağ qalma ehtimalı olduğunu düşünən Nazilə xanım qeyri-ixtiyari çantasını zabitə uzadır:

“Sonra heç bilmədim ki, o  çantanın aqibəti necə oldu. İçində bütün xatirələrim vardı. Onları sonacan qoruyacaqdım... Bacarmadım...”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları