Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 13:50:00
İtlərin “dərs dediyi”, tarix, coğrafiyanın ləğv edildiyi məktəblər – Qəribə təhsil yenilikləri  

Dünyada nə qədər ölkə varsa, bir o qədər də fərqli təhsil sistemləri mövcuddur. Dövr inkişaf etdikcə bəzi ölkələrdə təhsil imkanları artmağa, bəzilərində isə tamamilə azalmağa başlayır. Lakin hər dövlətin əsas məqsədlərindən biri gələcəyin savadlı kadrlarını yetişdirib onlardan dövlətin xeyrinə istifadəni təmin edə bilməkdir.

AzEdu.az müxtəlif ölkələrin təhsil sistemlərindən maraqlı məqamları diqqətə çatdırır:

Finlandiyada xüsusi olaraq təlim keçmiş itlər uşaqların oxuma vərdişlərinin inkişaf etdirilməsi üçün istifadə olunur. Şagirdlərdə özgüvənin və yaradıcılıq qabiliyyətinin formalaşdırılması da bu üsulla həyata keçirilir.

Finlandiya təhsil sistemi yaxın gələcəkdə tarix, fizika, riyaziyyat, ədəbiyyat, coğrafiya və digər fənn dərslərini ləğv etməyi planlaşdırır. Bu sistemə görə, klassik dərslər tamamilə yeni metodlarla əvəzlənəcək. Məsələn, şagirdlərə İkinci Dünya Müharibəsindən bəhs olunarkən bu mövzu üzərində onlara tarixi, coğrafi və riyazi bilgilər öyrədiləcək.

Dünyada ən çox təhsil alan insanların yaşadığı ölkə Kanadadır. Bu siyahıda İsrail ikinci, Yaponiya üçüncüdür.

Yaponiya dövlət büdcəsinin 12 %-ni təhsilə xərcləyir. Bu ölkənin hərbiyə ayırdığı məbləğ isə büdcənin 7,7 %-ni təşkil edir.

Yaponiyalı şagirdlər dünyanın ən müstəqil şagirdləri hesab olunurlar. Onlar üçün xüsusi məktəb avtobusları fəaliyyət göstərmir. Evdən gətirdikləri yeməkləri bir-birləri ilə paylaşaraq birlikdə yeyirlər.

Belçikada magistratura təhsili alan tələbələrin işsiz qalmaq ehtimalı 3 %-dir. Ölkədə müəllimlərin maaşı təxminən 57 min avro təşkil edir.

Almaniyada kimya, fizika, sülh və ədəbiyyat kateqoriyaları üzrə 102 Nobel mükafatçısı yaşayır. Bunda Almaniyadakı keyfiyyətli təhsilin rolu böyükdür. Almaniya nəhəng araşdırmalara və ixtiralara imza atan ölkədir.

ABŞ-da 93 milyon insan sadəcə qəzet oxuya biləcək səviyyədə oxuma-yazma bilgilərinə sahibdir. Onlar, lüğətlərindəki sözlərin 65 %-ni doğru yaza bilmirlər. Bu, Amerika iqtisadiyyatına ildə 200 milyard dollar ziyan vurur.

Dünya üzrə oxuma-yazma bilməyənlərin çoxluğuna görə birinci yerdə Cənubi Sudan gəlir. 6-17 yaş arası uşaqların 70 %-i sinifdən içəri addım belə atmayıb.

Dünyanın ən qədim universiteti Hindistanda yerləşir. Hindistanın ikinci böyük şəhəri Luknovda yerləşən məktəbdə 32 min şagird təhsil alır.

İtaliyanın Torino şəhərində yerləşən məktəbin kollektivi isə bir müəllim və bir şagirddən ibarətdir.

ABŞ-da müəllimlərin 14 %-i bir il tamam olmamış işdən çıxır. Bu müəllimlik peşəsinin məsuliyyətli və çətin sahə olmasıyla bağlıdır. 3 ili bitirib işdən çıxanlar 33 %, 5 ilin sonunda ərizə yazıb işdən ayrılanlar isə 50 %-dir.

Çində şagird olmaq çox çətindir. Onlar həftədə 14 saatlarını ev tapşırıqlarına ayırmalıdırlar.

Hollandiyada dörd yaşı tamam olan hər uşaq anındaca məktəbə getməlidir. Bu o deməkdir ki, birinci siniflər tez-tez yeni şagirdlərlə dolur.

Braziliyada uşaqların anaları ilə olan münasibətinə çox önəm verilir. Səhər 07:00-da başlayan dərs, günorta saatlarında bitir. Bütün şagirdlər anaları ilə birlikdə günorta yeməyini yedikdən sonra evlərinə gedirlər.

Çox az ölkə vətəndaşlarına ödənişsiz təhsil imkanı yaradır. Bəzi ölkələrdə kitab, dəftər, forma və digər məktəbli xərclərindən əlavə, müəllimlərin maaşlarını belə valideynlər ödəməyə məcburdur.

Araşdırmalara görə, təhsil almayan anaların sayı hər il 2 faiz artır. Rəqəm kiçik görünsə də, hər il milyonlarla təhsilsiz ana, cahillər ordusuna qatılır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları