Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 16:10:12
“ Bu təyinat təhsilimizin milli məqsədlər, mənafelər əsasında qurulmasında yeni mərhələ olacaq” – Nadir İsrafilov

"Dövlətlər dəqiq elmlər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf etdilər. Mən də fundamental elmlərin cəmiyyətin inkişafında rolunun və əhəmiyyətinin böyük olduğuna əminəm. Ancaq humanitar elmlərin rolu daha böyükdür. Düzdür, dəqiq elmlərin yaratdığı mator, telefon, TV, kompüter və təbabət elminin uğurları danılmazdır, inqilabidir. Humanitar sahədə ixtiralar belə aydın sezilmir. İdarəetmədə qazanılan uğurlar daha möhtəşəmdir”.

Bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərovun ölkə başçısının sərəncamı ilə professor Fərəh Əliyevanın Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə yeni müdir təyin edilməsi ilə bağlı söyləyib.

AzEdu.az xəbər verir ki, təhsil eksperti Nadir İsrafilov bu fikirə münasibət bildirib: 

“Bu fikir Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezitentimizin 15 iyun 1999-cu il tarixli, 168 №-li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”nda təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılmasını təmin etmək məqsədilə “təhsil proqramlarında humanitar komponenti gücləndirmək, şagird və tələbələrin hazırlığında iqtisadiyyat və hüquq sahəsində biliklərin xüsusi çəkisinin artırılması” barədə mühüm müddəasını yadıma saldı”.

Onu da xatırlatmaq yerinə düşərdi ki, islahatın əsas istiqamətləri müəyyənləşdirilərkən təlim və tərbiyənin məzmununda – milli tariximizin, mədəniyyətimizin, adət və ənənələrimizin dərindən öyrədilməsi və gənclərdə vətənpərvərlik hissinin tərbiyə edilməsinin vacibliyi nəzərə alınmaqla humanitar və sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların tədrisi və tədqiqinin yeni konsepsiyasını hazırlamaq, humanitar və sosial-iqtisadi fənlər üzrə dərsliklərin müsabiqə əsasında hazırlanmasını təşkil etmək - mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. 

Ekspert qeyd edib ki,  “İslahat Proqramı”nda milli ideologiyamıza əsaslanan gənclərimizdə vətənpərvərlik, vətəndaşlıq, torpağa və xalqa bağlılıq hissi aşılayan tərbiyə konsepsiyası yoxluğu əbəs yerə xüsusi olaraq vurğulanmamışdı.

“Təhsil və tərbiyənin məzmununun əsasını təşkil edən təhsil proqramında bu hissləri aşılayan mövzuların olmaması, Azərbaycan tarixi və mədəniyyətinin lazımi səviyyədə öyrədilməməsi onların milli hisslərinə təsir göstərir. 

Ümidvar olaq ki, yeni təyinat təhsil sahəsində dövlət siyasətinin “humanistlik”, “demokratiklik”, “bərabərlik”, “millilik və dünyəvilik”, “keyfiyyətlilik”,  “səmərəlilik”, “fasiləsizlik, vəhdətlik, daimilik”, “varislik”, “inteqrasiya” kimi əsas prinsiplərinin daha uğurla həyata keçirilməsində,  “həyatımızın ən gərəkli, ən mühüm sahəsi” olan təhsilimizin, “milli məqsədlər, mənafelər əsasında qurulması”nda yeni mərhələ olacaq”.