Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 10:21:53
Təhsil sahəsində çalışan bu müəllimlərə  ildə 56 günlük məzuniyyət verilməlidir – Qanunvericilik  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Təhsil işçilərinin məzuniyyətləri nəyə əsasən fərqlənir və neçə gün təşkil edir?

Cavab:

AzEdu.az Əmək Məcəlləsinə istinadən məlumat verir ki, aşağıdakı işçilərə 56 günlük məzuniyyət verilməlidir:

-İllik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçiləri, tərbiyəçilər, təlimatçılar, dərnək və musiqi rəhbərləri, konsertmeysterlər, xormeysterlər və başqa musiqi işçilərinə;

-Bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

-Uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

-Təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

-Sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

-Elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

-Müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

Aşağıdakı işçilərin məzuniyyəti isə 42 gündür:

-Uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçiləri, tərbiyəçiləri, tərbiyəçi-müəllimləri, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;

-Metodika kabinetlərinin və mərkəzlərinin rəhbərləri, metodist və təlimatçılar;

-Ümumtəhsil internat məktəbləri, xüsusi məktəb və xüsusi internat məktəblərinin tərbiyəçiləri;

-Məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərləri, kütləvi işçiləri;

-Məşqçi müəllimlər;

-Elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşları, rəhbərləri və onların elmi işlər üzrə müavinləri, elmi katibləri.

Qeyd edək ki, sözügedən rayonlar üzrə direktor namizədlərin müsahibələri sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları