Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 13:00:00
Məzuniyyətə az qalmış müəllimin əmək müqaviləsinə xitam verilə bilər?- Çox soruşulan sual  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Direktor məzuniyyətin başlanmasına az qalmış müəllimin əmək müqaviləsinə xitam verə bilər? Ümumiyyətlə, belə kadrın məzuniyyət hüququ var?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Əmək Məcəlləsinin 143-cü maddəsində əks olunub. Məcəlləyə görə, bu, mümkündür. Amma müəllim əmək müqaviləsinə xitam verildikdə də məzuniyyət hüququndan istifadə edə bilər.

Müvafiq iş ilinin məzuniyyətindən istifadə etməmiş müəllimin əmək müqaviləsinə xitam verilərkən öz arzusu ilə həmin iş ili üçün ona məzuniyyət verilir. İşdən çıxma tarixi isə məzuniyyətin son günü hesab edilir.

Amma müəllimin əmək müqaviləsinə hansı səbəbdən xitam verilməsi də rol oynayır: Müəssisənin ləğv edilməsi nəticəsində işdən çıxarılanlar və əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması səbəbindən işindən uzaqlaşdırılanlar məzuniyyət hüquqlarından istifadə edə bilməzlər.

Əmək müqaviləsinə xitam verilən müəllim həmin il üçün məzuniyyətdən istifadə etmək istəmədikdə isə ona istifadə edilməmiş məzuniyyətə görə pul ödənilir.

Qeyd edək ki, sözügedən rayonlar üzrə direktor namizədlərin müsahibəsi sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları